Gündəm 

Ermənistandan süni intellekt sıçrayışı – Azərbaycana təhlükə?

NVIDIA-nın Ermənistanda süni intellekt sahəsinə ayırdığı investisiya regionda ciddi müzakirələr doğurub. ABŞ-nin texnoloji nəhəngi bu ilin əvvəlində elan etdiyi 500 milyon dollarlıq sərmayəni üç dəfə artıraraq 1,5 milyard dollara çatdırdığı iddiası ilə gündəmə gəlib. Bu məlumatı Ermənistan müxalifətinin tanınmış simalarından olan Arman Babacanyan açıqlayıb. Rəsmi təsdiq olmasa da, İT sektorunda belə miqyaslı bir layihənin müzakirəyə çıxması təkcə İrəvanda deyil, bütün Cənubi Qafqazda maraq və narahatlıq yaradıb.

2025-ci ildə NVIDIA ABŞ-nin “Firebird” startapı və Ermənistan hökuməti arasında tərəfdaşlıq elan olunmuşdu. Layihə 2026-cı ilə qədər yüksək texnologiyalı süni intellekt mərkəzinin – minlərlə yeni nəsil qrafik prosessoru üzərində çalışan nəhəng GPU fermalarının qurulmasını nəzərdə tutur. Bu, regionda indiyədək görünməmiş hesablama gücünün bir məkanda toplanması anlamına gəlir. Obyektin dəqiq yeri açıqlanmır, bu isə həm iqtisadi, həm də təhlükəsizlik baxımından suallar yaradır.

Beynəlxalq mediada yayılan məlumatlara görə, ABŞ administrasiyası münaqişə risklərini azaldan və sülh təşəbbüslərinə dəstək verən ölkələrə müəyyən AI texnologiyalarının satışını müzakirə edib. “Nyu York Tayms” yazır ki, avqustun 8-də Vaşinqtonda keçirilən görüş zamanı Ağ Evin Elm və Texnologiya İdarəsinin rəhbəri Maykl Kratsios Azərbaycan və Ermənistan nümayəndələri ilə süni intellekt sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Rəqəmsal inkişaf və gələcək texnoloji mübadilələr üzrə ilkin razılaşmalar əldə olunduğu bildirilir.

Ancaq bütün bunların fonunda əsas sual dəyişmir: Ermənistanın bu texnoloji sıçrayışı regionda güc balansını dəyişə bilərmi? Süni intellekt infrastrukturunun “dual-use” – yəni həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilməsi faktı narahatlığı artırır. GPU fermaları yalnız kommersiya modellərinin öyrədilməsi üçün deyil, həm də görüntü tanıma, kəşfiyyat, pilotsuz uçuş aparatlarının idarəetmə sistemləri, döyüş simulyasiyaları və digər strateji sahələrdə tətbiq oluna bilər. Ermənistanın son illərdə müxtəlif Qərb mərkəzlərinə yaxınlaşma cəhdləri fonunda belə bir texnoloji obyektin yaradılması təbii olaraq suallar doğurur.

Bununla belə, yüksək hesablama gücünün olması avtomatik olaraq hərbi üstünlük demək deyil. Süni intellektin döyüş tətbiqləri üçün təkcə güclü prosessorlar yox, həm də xüsusi elmi məktəb, təcrübəli tədqiqatçılar, uzunmüddətli proqramlaşdırma ekosistemi və hərbi inteqrasiya bacarığı lazımdır. Ermənistanın bu sahədə hələ ki, güclü istehsal bazası və təcrübəli kadr potensialı yoxdur. Buna baxmayaraq, böyük şirkətlərin regiona maraq göstərməsi tendensiyası davam edərsə, yaxın illərdə vəziyyət dəyişə bilər.

Azərbaycanda isə rəqəmsal strateji layihələr, bulud texnologiyaları və dövlət səviyyəsində AI üzrə Milli Strategiyanın hazırlanması prosesi gedir. Lakin GPU təsisatlarının, yüksək güclü hesablama mərkəzlərinin yaradılması məsələsində daha sürətli və konkret addımlar atılmasına ehtiyac var. Çünki regionda başlayan texnoloji yarış infrastrukturun kimdə olduğu ilə ölçülür.

Ermənistanda qurulacaq Aİ mərkəzinin miqyası, məqsədləri və istifadə qaydası barədə rəsmi açıqlamalar hələ də məhduddur. Məhz bu qeyri-şəffaflıq təhlükəsizlik baxımından diqqət çəkir. Azərbaycan regional güc balansının dəyişməsinə yol verməmək üçün həm beynəlxalq tərəfdaşlarla işləməli, həm də öz texnoloji potensialını sürətlə genişləndirməlidir.

elvin-abbasov.jpg (567 KB)

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, NVIDIA-nın Ermənistanda süni intellekt sahəsinə ayırdığı investisiyanın 1,5 milyard dollara yüksəldilməsi region üçün ciddi texnoloji mesajdır:” Bu addım yüksək performanslı hesablama və süni intellekt infrastrukturu yaratmağa hesablanıb və ölkənin texnoloji ekosistemində müəyyən güclənmə formalaşdıra bilər. Azərbaycana təsirlərinə gəldikdə, məsələni iki əsas konteksdə qiymətləndirmək lazımdır.

Birincisi, regionda süni intellekt texnologiyalarının inkişafı rəqabəti artırır. Bu infrastruktur yalnız mülki layihələr üçün deyil, müdafiə, kibertəhlükəsizlik və strateji qərarvermə sahələrində də üstünlük yarada bilər. Ona görə də proses diqqətlə izlənməli, texnoloji balansın dəyişməsi ilə bağlı analitik qiymətləndirmə davamlı aparılmalıdır.

İkincisi, bu, Azərbaycan üçün həm də stimuldur. Ölkəmizdə rəqəmsal transformasiya geniş miqyasda həyata keçirilir və süni intellekt üzrə inkişaf istiqamətləri artıq formalaşıb. Dövlət xidmətlərinin rəqəmsallaşması, özəl sektorun yeni texnologiyalara marağı və inkişaf edən startap ekosistemi bu sahədə genişlənmə üçün möhkəm baza yaradır. Burada əsas məsələ yüksək performanslı hesablama resurslarının qurulması, yerli mütəxəssislərin hazırlanması və praktiki tətbiqlərin artırılmasıdır.

Nəticə etibarilə, Ermənistanın bu layihəsini Azərbaycana birbaşa təhlükə kimi təqdim etmək düzgün olmazdı. Amma bu proses regionda süni intellekt yarışının başladığını göstərir və bu yarışda geri qalmamaq üçün Azərbaycan mövcud üstünlüklərini daha sistemli şəkildə gücləndirməlidir. Ölkəmizin rəqəmsal infrastrukturu, institusional baza və insan kapitalı bu inkişaf üçün real imkan yaradır və düzgün planlaşdırma ilə üstünlük mövqeyini qorumaq mümkündür”.

1610364065_croppp.jpg (91 KB)

İT mütəxəssisi Fərhad Mirəliyev biildirib ki, hazırda hansısa təhlükəli və riskli məqamlardan danışmaq olmaz. Onun sözlərinə görə, Azərbaycan və Etrmənistanla münasibətlər sülh müqaviləsinə doğru gedir və texnologiyaıardan Azərbaycana qarşı istifadə etmək məqsədi hazırda real görünmür: “Süni intellektlə işləyən silahlar var. Məsələn, dronlarda bu texnologiyadan istifadə normal haldır. Müasir dövrümüzdə süni intelelktin hərbi sahədə istifadəsi qaçılmazdır. Bütün bunlar qapalı labarotoriyalarda hazırlanır. Azərbaycanda texnoloji infrastruktur bu cür məsələlərə hazır olmalıdır. Müdafiə xarakterli silahlarda süni intelektdən mütləq ki, istifadə edilir”.

Şahanə Rəhimli
“Yeni Müsavat”

Daha çox xəbərlər