Azərbaycan–Slovakiya münasibətləri: dostluqdan strateji tərəfdaşlığa
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya etdiyi rəsmi səfər iki ölkə münasibətlərində mühüm siyasi hadisə kimi yadda qaldı. Bu səfər təkcə diplomatik təqvimin növbəti bəndi deyil, həm də Azərbaycan–Slovakiya əlaqələrinin mahiyyətcə yeni mərhələyə yüksəlməsinin bariz göstəricisi idi. Səfərin mahiyyəti iki ölkə arasındakı münasibətlərin dərinliyini göstərməklə qalmadı, həm də əməkdaşlığın gələcək perspektivlərini aydın şəkildə ortaya qoydu. Prezident İlham Əliyev bəyanatında xüsusi vurğuladı ki, Azərbaycan və Slovakiya bu gün sözün əsl mənasında dost ölkələrdir və münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən il imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizi ən yüksək mərhələyə daşıyıb və son bir ildə bütün istiqamətlər üzrə çox fəal əməkdaşlıq müşahidə olunur. Müxtəlif sahələr üzrə işçi qruplar, iqtisadi komissiyalar və ortaq layihələr bu tərəfdaşlığın real nəticələrini nümayiş etdirir.
Azərbaycan və Slovakiya arasında enerji sahəsində əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verir. Azərbaycanın zəngin qaz ehtiyatları Slovakiya ilə əməkdaşlığın əsas sütunlarından biridir. Ölkəmizin enerji resursları artıq dünya bazarlarında geniş şəkildə iştirak edir və 14 ölkəyə qaz ixrac olunur. Onların içində Avropa İttifaqına üzv olan 8 dövlət də var ki, bu da Azərbaycanın regionun aparıcı enerji təminatçılarından birinə çevrildiyini göstərir. Slovakiyaya ilk dəfə ötən il qaz tədarükünün həyata keçirilməsi yeni bir səhifə açdı. Genişlənən qaz yataqları gələcəkdə həm Slovakiyanın, həm də onun qonşularının enerji ehtiyaclarını daha böyük həcmdə təmin etməyə imkan verəcək.
Azərbaycan və Slovakiya arasındakı mövcud müdafiə sənayesində əməkdaşlıq sülhə yönəlmiş yanaşma kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyev müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələsinə toxunaraq vurğulamışdır ki, Slovakiyanın müasir texnologiyalarının Azərbaycanın maliyyə və istehsal imkanları ilə birləşdirilməsi dünya bazarı üçün rəqabətli məhsullar yaratmaq potensialına malikdir. Bu əməkdaşlıq sülh dövrünün sənaye fəlsəfəsinə söykənir və hər iki ölkə üçün yeni iqtisadi imkanlar yaradır.
Cənab Prezident İlham Əliyev Bakıda Slovakiyanın müstəqil siyasətinin və uğurlu inkişafının ölkəmizdə yüksək qiymətləndirilməsini qeyd etmişdir. Hər cür təzyiqə baxmayaraq öz mövqeyindən dönməyən Slovakiya sabitlik və davamlı iqtisadi inkişafı ilə hörmət qazanır. Bu da iki ölkə arasındakı etimad münasibətlərini daha da gücləndirir.
Azərbaycanın həyata keçirdiyi böyük infrastruktur layihələri ölkəmizi Şərq-Qərb nəqliyyat dəhlizinin ən mühüm halqasına çevirib. Orta Dəhliz layihəsində Azərbaycanın oynadığı rol həm Avropa, həm də Orta Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyır. Slovakiya ilə bu istiqamətdə əməkdaşlıq geniş iqtisadi və logistika imkanları vəd edir.
Ölkə Prezidenti çıxışı zamanı qeyd etdi ki, Azərbaycan qarşıdakı illərdə nəqliyyat və bağlantı sahəsinə daha böyük sərmayələr yatırmağı planlaşdırır. Bu sahənin inkişafı təkcə region daxili deyil, həm də Avropa ilə ticarət dövriyyəsinin artmasına şərait yaradacaq. Slovakiya ilə əlaqələrdə də bu istiqamət prioritetlər sırasında olmalıdır.
Azərbaycanın böyük enerji ehtiyatları rəqəmsal sahədə əməkdaşlıq üçün də geniş imkanlar yaradır. Ölkəmizdə hazırda istifadə olunmayan enerji potensialı 2 giqavatdır və növbəti illərdə 8 giqavata çatdırılması nəzərdə tutulur. Bu isə süni intellekt, data mərkəzləri və yüksək texnologiyalar üçün ideal baza deməkdir. Prezident İlham Əliyev bu sahədə Slovakiya şirkətləri ilə əməkdaşlığın vacibliyini vurğuladı.
Nəticə etibarı ilə qeyd edə bilərik ki, Prezident İlham Əliyevin Slovakiya səfəri Azərbaycan–Slovakiya münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu göstərdi. Energetika, müdafiə sənayesi, nəqliyyat və rəqəmsal sahələrdə əməkdaşlıq ölkələrimiz arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirir. Səfər həm də gələcək illər üçün əməkdaşlığın yol xəritəsini ortaya qoydu və qarşılıqlı etimadın artmasına şərait yaratdı. Bu baxımdan Azərbaycan və Slovakiya münasibətləri regional stabilliyi gücləndirən, iqtisadi və texnoloji sahələrdə bir-birini tamamlayan dinamik və qarşılıqlı faydalı tərəfdaşlıq nümunəsi kimi qiymətləndirilə bilər.
Bərdə rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi: Fəridə Süleymanova

