Elektrik və qaz üçün sabit tarif nədir? DETALLAR
Azərbaycanda elektrik enerjisi və təbii qaz təchizatı üzrə istehlak səviyyəsindən asılı olmayan aylıq sabit tariflər müəyyənləşdirilib.
Bununla bağlı Tarif Şurası qərar qəbul edib. Qərar “Elektroenergetika haqqında” qanuna və 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək yeni “Qaz təchizatı haqqında” qanuna əsaslanır. Məlumata əsasən, sabit tariflərin tətbiqində məqsəd elektrik enerjisi və təbii qaz təchizatı üzrə infrastrukturun saxlanması, xidmətlərin göstərilməsi və digər sabit xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsidir.
Tarif Şurası bildirib ki, abonentlərdən aylıq sabit ödənişlərin tutulması bir çox ölkələrdə tətbiq olunur və beynəlxalq təcrübədə bu mexanizm istehlak həcmindən asılı olmayaraq təchizat sisteminin davamlı fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır. Qərara əsasən, elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və birfazalı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali abonentləri üçün 1 manat, üçfazalı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali abonentləri üçün isə 3 manat müəyyən edilib.
Təbii qaz üzrə aylıq sabit tarif əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üçün 1 manat, sənaye qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üçün isə 3 manat təşkil edir.
Əhali arasında bu dəyişiklik çaşqınlıq yaradıb. Onlar bunu kommunal xidmətlərin artması kimi dəyərləndiriblər.
Bəs bu yenilik nələri ehtiva edir və kimlərə şamil olunur?

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:
“Bu, əslində yeni tariflərin tətbiqi deyil, sabit tarif rejiminə keçidlə bağlı qərardır. Yəni söhbət qiymət artımından yox, xidmətin sabit əsasda ödənişli olmasından gedir. Bu qərar o deməkdir ki, sayğacı olan hər bir vətəndaş – burada hələlik biznes və özəl sektoru kənara qoyuruq – sayğacın mövcudluğuna və həmin xidməti aldığına görə ayrıca ödəniş etməli olacaq. Başqa sözlə, vətəndaş resursdan istifadə etsə də, etməsə də, bu haqqı ödəməyə məcbur olacaq. Bu, ev telefonlarında tətbiq edilən abunə haqqına bənzər mexanizmdir”.
İqtisadçı qeyd edir ki, əgər bu sabit ödəniş mexanizmi həm işıqda, həm qazda, həm də suda tətbiq olunarsa, hər sahə üzrə təxminən 1 manat olmaqla, ümumilikdə vətəndaşların aylıq xərclərinə əlavə olaraq təqribən 3 manat yük düşəcək:
“Nəticə etibarilə, bu, hələlik hər xidmət üzrə 1 manatdır, amma gələcəkdə bu tariflərin artırılması ehtimalı da istisna deyil”.
Afaq Mirayiq,
Musavat.com

