Cəmiyyət 

Yeni qayda qüvvəyə minir: işçilərin məzuniyyət müddəti uzanır

Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənməsi qaydasında dəyişiklik ediləcək.

Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan və üçüncü oxunuşda qəbul edilən Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Yeni dəyişikliklər işçilərin eyni vaxtda bir neçə əlavə məzuniyyət hüququ olduqda onların necə hesablanacağını müəyyənləşdirir və əmək hüquqları baxımından mühüm yenilik kimi qiymətləndirilir.

Mövcud qanunvericiliyə əsasən, işçinin əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və əmək stajına görə iki və daha çox əlavə məzuniyyət hüququ yarandıqda, yalnız müddəti daha çox olan bir əlavə məzuniyyət əsas məzuniyyətə əlavə edilirdi. Yeni qaydalara görə isə bu məhdudiyyət aradan qaldırılır və işçinin əldə etdiyi bütün əlavə məzuniyyətlər cəmlənərək əsas əmək məzuniyyətinə birləşdiriləcək.

Bu dəyişiklik xüsusilə ağır və zərərli şəraitdə çalışan, uzunmüddətli əmək stajına malik olan işçilər üçün praktik əhəmiyyət daşıyır.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Bəs bu dəyişiklik kimlərə şamil olunacaq və əhəmiyyəti nədir?

SAHİB SON.jpg (32 KB)

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov mövzu ilə bağlı Musavat.com-a deyib ki, Əmək Məcəlləsinə 400-dən çox dəyişiklik nəzərdə tutulur:

“Onların bir çoxu texniki xarakter daşıyır, lakin içərisində əsaslı dəyişikliklər də var. Bu da əsas dəyişikliklərdən biri sırasındadır. Əsas əmək məzuniyyətindən əlavə olaraq üç növ əlavə məzuniyyət mövcuddur: staja görə, ağır və zərərli iş şəraitində işləməyə görə, 14 yaşına çatmamış iki və daha çox uşağı olan, yaxud əlilliyi olan uşağa sahib qadınlara verilən əlavə məzuniyyət.

Əvvəllər bu əlavə məzuniyyət növləri birləşdirilmirdi. Məsələn, şəxs həm ağır iş şəraitində işləyirdisə, həm də stajına görə əlavə məzuniyyət hüququ vardısa, bunlar cəmlənmirdi, yalnız ən çox olan məzuniyyət növü tətbiq edilirdi. Yeni dəyişikliklərə əsasən isə bu məzuniyyətlər artıq birləşdiriləcək. Yəni əgər işçinin bir neçə əlavə məzuniyyət hüququ varsa, onların hamısı toplanaraq əsas əmək məzuniyyətinin üzərinə əlavə olunacaq”.

Hüquqşünas əlavə edib ki, bu dəyişikliklər digər dəyişikliklərlə birlikdə paket şəklində həyata keçirilir və ümumilikdə müsbət yanaşma kimi qiymətləndirilir.

Afaq Mirayiq,
Musavat.com

Daha çox xəbərlər