Su mənbələri hər bir ölkə üçün çox önəmlidir
Cari ilin yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” na həsr olunan müşavirə keçirilib. Dövlət Proqramı müvafiq ərazilərdə su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.
Dövlət Proqramı 2026−2035-ci illəri əhatə etməklə iki mərhələdə həyata keçiriləcək. 2026−2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. Bu çərçivədə mövcud infrastrukturun əsaslı təmiri və yenilənməsi, yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üzrə müasir texnologiyaların tətbiqi, “ağıllı su şəbəkələri”nin qurulması və ekoloji təhlükəsizliyin təmin olunması nəzərdə tutulur. Bu mərhələdə mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərdə yeni infrastruktur yaradılacaq, eləcə də su şəbəkələrində itkilərin aşkarlanması və azaldılması üçün tədbirlər görüləcəkdir.
2031−2035-ci illəri əhatə edən ikinci mərhələdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcək. Bu məqsədlə mövcud su təchizatı və kanalizasiya şəbəkələri daha da genişləndiriləcək, yağış sularının təkrar istifadəsi üçün yeni layihələr həyata keçiriləcək və ətraf mühitin qorunması istiqamətində tədbirlər görüləcək.
Dövlət Proqramının icrası nəticəsində içməli su mənbələrinin dayanıqlılığının artırılması, su anbarlarının, eləcə də supaylayıcı şəbəkələrin inkişaf etdirilməsi, suyun uçot sisteminin təkmilləşdirilməsi, yağış və tullantı suları sistemlərinin yenilənməsi və alternativ su mənbələrinin istifadəyə cəlbinə nail olunması nəzərdə tutulur. Dövlət Proqramında, həmçinin Bakı şəhərinin Baş planı ilə uzlaşdırılaraq, uzunmüddətli strateji hədəflər və icra mexanizmləri müəyyən edilib.
Azərbaycan lideri sözügedən Dövlət Proqramına həsr olunan müşavirədə Proqramın icrasına xüsusi diqqət çəkərək qeyd edib ki, sənədin həyata keçirilməsi üçün maliyyə mənbələri artıq müəyyənləşdirilib. Proqram həm dövlət büdcəsi, həm də xarici kreditlər hesabına maliyyələşdiriləcək. İcra çərçivəsində təxminən 30 yeni su anbarının tikintisi nəzərdə tutulur ki, bu da genişmiqyaslı infrastruktur layihələrinin reallaşdırılması deməkdir.
Eyni zamanda, sayğaclaşdırmanın 100 faizə çatdırılması planlaşdırılır. Hazırda fasiləsiz içməli su ilə təmin olunan əhalinin payı 70 faiz təşkil etdiyi halda, Proqramın icrası nəticəsində bu göstəricinin 95 faizə yüksəldilməsi hədəflənir. Layihənin həyata keçirilməsi Bakı, Sumqayıt, Abşeron rayonu və 64 yaşayış məntəqəsində su təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verəcək. Bununla yanaşı, 200 kilometrdən artıq magistral kanalların və eyni həcmdə paylayıcı şəbəkələrin tikintisi və yenidən qurulması nəzərdə tutulur.
Müşavirədə müzakirə olunan məsələlərdən biri də su itkiləri ilə bağlı olub. Dövlət başçısının fikrincə, əgər itkilər aşağı səviyyədə olsaydı, hətta mövcud su ehtiyatı ölkə üçün kifayət edərdi. Bildirilib ki, əhalinin çoxalması və sənayenin inkişafı suya olan tələbatı da artırır. Bütün bunlar nəzərə alınaraq, itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Bu gün bu sahədə itkilər təqribən 40-45 faizdir və proqramın icrası nəticəsində bunun, kəskin azaldılması nəzərdə tutulur.
İlk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodunun inşa olunması isə Abşeron yarımadasının su təminatında yeni mərhələnin başlanğıcıdır. Xarici investisiyalar hesabına həyata keçiriləcək bu layihə həm içməli su ehtiyatlarını artıracaq, həm də kənd təsərrüfatı üçün əlavə imkanlar yaradacaq”.
Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini Sənan Əliyev

