Ağciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında elmi-praktiki seminar
17 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Ağciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında “Dərmana Davamlı Vərəm və Digər Rezistent İnfeksiyaların İdarə Olunmasına Müasir Yanaşmalar” mövzusunda elmi-praktiki seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Ağciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasının idarə aparatının rəhbəri və baş həkimi Mirrəhim Nəbiyev qonaqları salamlamış, daha sonra Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Seminar zamanı ölkəmizdə vərəmlə mübarizə sahəsində son illərdə əldə olunan nailiyyətlərdən, müasir və effektiv müalicə metodlarının tətbiqindən, vətəndaş məmnunluğunun artırılmasında və tibbi xidmətlərin əlçatanlığının təmin olunmasında görülən işlərin əhəmiyyətindən bəhs olunmuşdur.
Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, tibb üzrə fəlsəfə doktoru İradə Axundova, institutun struktur bölmə rəhbərləri və digər rəsmi qonaqlar iştirak etmişdir.
İnteraktiv formada davam edən seminarda dərmana davamlı vərəm və digər rezistent infeksiyaların idarə olunmasına dair müxtəlif mövzular müzakirə edilmiş, iştirakçıların sualları cavablandırılmış, sonda isə iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Mirrəhim Nəbiyev bu cür elmi-praktiki seminarların keçirilməsinin əhəmiyyətini vurğulamış, qonaqları mərkəzin fəaliyyəti ilə yaxından tanış etmişdir. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşmışdır.


