Region Xəbərləri 

Qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda hər bir bayramı, əlamətdar günü böyük sevinc və qürur hissi ilə qeyd edirik. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda yaşanan vəziyyət hər kəsə məlumdur. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yeni Azərbaycan qurdu. Ölkəmiz müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas oldu. Azərbaycanın həyatında yeni dövr başladı. Digər istiqamətlərdə olduğu kimi, gənclərimizə diqqət və qayğı sahəsində də atılan addımlar davamlılğı ilə diqqətdə oldu. Ümummilli Lider Heydər Əliyev aydın strategiya ilə müstəqilliyimizin bərpasının ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi. 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsi ənənəyə  çevrildi.

Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı ildə  imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanına  əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi. Ümummilli Liderin 1999-cu ildə imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Belə ki, həmin sənədə əsasən   Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır. 2002-ci ildə isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun ölkədə gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu  uğurla davam etdirən  Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri uzaqgörən siyasətinin göstəricisi kimi dəyərləndirilir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradır. Bu məqamı xüsusi qeyd etməliyik ki, Prezident İlham Əliyevin Sərəncamı ilə  2007-ci il ölkəmizdə  “Gənclər ili” elan olunmuşdur. Dövlətimizin başçısının bu mühüm təşəbbüsü gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Sərəncamla “2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdur. Paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən “Gənclər evi” gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malikdirlər. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bu cür dövlət təsisatların prioritet vəzifəsidir.  Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə yaradılan “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi genişlənməkdədir.

Gənclərin inkişafına, fəaliyyət sahələrinin genişləndirilməsinə xidmət edən addımlar davamlıdır. Bunlar bir daha təsdiqləyir ki, gənclərə diqqət bütün dövrlərin əsas çağırışlarındandır. Bu gün Azərbaycan qalibiyyəti ilə dünyanın diqqətindədir. Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasında Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıq, şücaət dünyaya səs saldı.  Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar.

Daha çox xəbərlər