Cəmiyyət 

Naftalan müalicəsi öldürücüdür? – ŞOK iddia ilə bağlı tanınmış həkimlər DANIŞDI

Son günlər ictimaiyyət arasında Naftalan müalicəsinin ölümcül olduğu iddiaları yayılıb. Adının çəkilməsini istəməyən həkim bizimlə söhbətdə bildirib ki, “neft bütünlükdə radiasiyadır, xərçəng hüceyrələrini oyadır. Əgər orqanizmdə şiş varsa, onun daha da böyüməsinə səbəb olur. Ürək, qan-damar xəstələrini isə vanna qəbulu zamanı ölümcül hala sala bilər”.

Qeyd edək ki, Naftalan müalicəsi bir sıra xəstəliklərdə balneoterapiya üsulu kimi – yəni neft vannaları və yerli tətbiqlər formasında istifadə olunur. Bunun əks göstərişləri arasında həm bədxassəli, həm də xoşxassəli şişlər var. Ona görə də onkoloji xəstələrə Naftalan müalicəsi tövsiyə edilmir.

Bəs bu iddiaların əsası varmı?

QEYBULLA.jpg (47 KB)

Həkim-cərrah, tibb elmləri doktoru Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Ümumiyyətlə, neft məhsulları, o cümlədən Naftalan neftinin tərkibində olan qatranabənzər maddələr – uçucu polisiklik aromatik karbohidratlar – kanserogendir və xərçəng şişi törətməsi elmi şəkildə sübuta yetirilib. Lakin əsas məsələ ekspozisiya müddətidir, yəni vannada qalma vaxtı düzgün müəyyən edilməlidir. Naftalan neftinin dəriyə təsir müddəti 5–10 dəqiqə arasında dəyişir və müalicə növündən asılıdır.

Naftalanın tərkibindəki naften karbohidratları dəridən daxilə keçərək oynaqlara və birləşdirici toxumalara təsir edir, zədələnmələrin bərpasına kömək edir, toxumaları yumşaldır, ağrıları azaldır və elastikliyi artır. Bu effekt elmi olaraq sübuta yetirilib.

Bundan əlavə, naften karbohidratları ayrı-ayrılıqda istifadə edilərək kanserogen risk aradan qaldırıla bilər. Amma bütövlükdə neft məhsulları müəyyən neqativ təsirlərə malikdir və bu faktor nəzərə alınmalıdır”.

ZULFU.jpg (246 KB)

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-a ilk olaraq Naftalan neftinin müalicəvi xüsusiyyətlərindən danışıb:

“Osteoxondroz, artroz, müxtəlif mənşəli artritlər, dərinin xüsusilə psoriaz tipli xəstəlikləri, ekzema və bu kimi problemlər zamanı Naftalandan istifadə olunur. Fiziki-kimyəvi təsir baxımından Naftalanın əsas aktiv tərkib hissəsi siklopentan-perhidrofenantren maddəsidir. Bu maddənin xüsusən orqanizmin bəzi sistemlərinə, bəzi iltihab əleyhinə və ya iltihab xarakterli hormonların meydana gəlməsi bilinir. Bu müalicə metodu digər qəbul edilmiş metodlarla, o cümlədən masaj, elektroterapiya və s. ilə kombinə olunmuş şəkildə tətbiq olunur ki, bu da effektivliyi daha da artırır. Naftalanın əsas aktiv tərkib hissəsi siklopentan-perhidrofenantren maddəsidir. Bu maddə orqanizmin bəzi sistemlərinə təsir göstərir və qan dövranında iltihab əleyhinə hormonların yaranmasına kömək edir”.

Həkim vurğulayıb ki, Naftalan neftinin qatranlı hissəsi isə davamlı olaraq istifadə etdikdə müəyyən sıxıntılar verə bilər:

“Onkoloji problemi olan və ya buna meyli olan insanlarda tövsiyə olunmur. Bəzi ağır formalı ürək-damar problemlərində tövsiyə olunmur. Bundan əlavə, əgər infeksion problemlər mövcuddursa, bunlar əks göstərişlərdir. Hematoloji xəstəliklər əks göstərişlərdir. İltihabi xəstəliklər kəskinləşmə periodunda əks göstərişlərdir və bunlar da Naftalan müalicəsi təyin olunarkən nəzərə alınır.

Bəzi iddialar var ki, Naftalanın qatran hissəsi olduqca zərərlidir. Belə iddialar olsa da, siçanlar üzərində aparılan işlərin ilkin nəticələri olsa da, Naftalanın qatran hissəsinin orqanizmə verdiyi neqativ təsir təəssüf ki, indiyə qədər tamamilə araşdırılmayıb. Naftalandan fayda görən insanların sayı çoxdur, qatran bəzi problemlərə səbəb ola bilər. Həm Naftalan neftinin daha dərindən öyrənilməsinə, həm də bunun müxtəlif patologiyalara təsirinin öyrənilməsinə ehtiyac var.

Təmizlənmiş Naftalan bir sıra müalicəvi xüsusiyyətlərə malik ola bilər. Naftalanın saxlanma şərtləri (təkrar istifadəsi, təmizlənməsi), qızdırılma şərtləri prosesə əhəmiyyətli dərəcədə təsir edir. Bu da xüsusi olaraq araşdırılmalıdır”.

Mövzu ilə bağlı onkoloqlar da fikirlərini bildiriblər.

nesimi-qasimov.jpg (87 KB)

İllərin təcrübəli həkim-onkoloqu Nəsimi Qasımov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Naftalanla müalicə sağlam insanda xərçəngin yaranmasına səbəb olur iddiası ağlabatan deyil. Amma bədxassəli və bəzi xoşxassəli şişi olanlara, xüsusən əməliyyat olunmuş və ya şüa terapiyası almış şəxslərə müalicə əks göstərişdir. Kişilərin prostatında adenoma olanlara belə Naftalan müalicəsi verilmir.

Orada işləyən həkimlər xəstənin vəziyyəti ilə bağlı anamnez aparır, eləcə də UZİ-yə göndərirlər. Qayda belədir: kurorta getməzdən əvvəl hər kəs öz poliklinikasında yoxlanmalı və sağlamlıq sənədi almalıdır. Bu, dünyanın hər yerində tətbiq olunan standart prosedurdur”.

WhatsApp Image 2026-02-02 at 17.37.37.jpeg (30 KB)

Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Müseyibov da mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Bu, təsdiqlənməmiş fərziyyədir və Naftalanın konkret xəstəlik yaratması sübuta yetirilməyib. Onkoloji xəstələrə yanaşmada əsas prinsip şişin hansı orqanda yerləşməsidir. Biz həmişə xəstələrə bildiririk ki, maqnit sahələri, günəş şüaları və istilik təsirləri əks göstəriş hesab olunur. Ona görə də onkoloji xəstələr istilik prosedurlarından uzaq durmalıdır. Amma “bu, ümumilikdə təhlükəlidir” yanaşması doğru deyil. Araşdırmalar davam etməlidir”.

İDRİS.jpg (68 KB)

Tanınmış kardioloq İdris Xəlilov isə deyib ki, Naftalan “müalicəsinin” ürək xəstələrinə heç bir aidiyyəti yoxdur.

Beləliklə, “Naftalan vannası xərçəng yaradır” iddiası birbaşa sübut kimi deyil, daha çox neft mənşəli tərkib, PAH ehtimalı (çoxhəlqəli aromatik karbohidrogenlər) və fərdi risklər üzərindən irəli sürülən narahatlıqdır. PAH-ların kanserogenliyi barədə ümumi elmi mövqe mövcuddur.

“Radiasiyalıdır” iddiası isə ölçmə tələb edir; xam neftdə radioaktiv maddələr mövzusu var, amma konkret Naftalan vannasına düşən dozanı demək üçün sənəd/analiz lazımdır. Ürək-damar riskləri və onkoloji hallarda ehtiyatlılıq isə kurort mənbələrində də əks-göstəriş kimi göstərilir.

Məsələ ilə bağlı Naftalan Sağlamlıq Mərkəzi ilə də əlaqə saxladıq. Cavab verildiyi halda yayımlayacağıq.

Afaq Mirayiq,
Musavat.com

Daha çox xəbərlər