“Qida məhsullarının bahalaşması davam edə bilər” – VİDEO
Bu ilin yanvar ayında əvvəlki aya nisbətən qida məhsullarından daha çox bahalaşma balıq və süd məhsullarının, yumurtanın və kolbasa məmulatlarının qiymətlərində müşahidə edilib.
Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, paralel olaraq qida rasionunda olan digər məhsulların da qiyməti də artıb.
Ucuzlaşan qida məhsullarının siyahısı isə kiçikdir. Ucuzlaşma yumru düyü, portağal, ağ kələm, süfrə çuğunduru, yerkökü və tomat pastasının qiymətlərində müşahidə edilir.
İqtisadçı-ekspert Xalid Kərimli deyir ki, ərzaq məhsullarındakı bu artım il ərzində artan xəttlə davam edə bilər.
İqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, məhsulun yekun qiyməti onu yaradan xərclərdən asılıdır. Ölkəmiz idxaldan asılı ölkə olduğu üçün qiymət artımını hər sahədə nəzərəçarpacaq dərəcədə hiss edirik.
Yanvar ayında xeyli sayda qeyri-qida məhsullarında da bahalaşma müşahidə olunub.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar ayında əhaliyə göstərilmiş tibbi və stomatoloji xidmətlər, taksi, bərbərxana, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətləri də bahalaşıb. Malların çatdırılması və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Daha ətraflı videomaterialı təqdim edirik.

