Cəmiyyət 

Kənd toyuğu adı ilə broyler toyuğu? – Mütəxəssislər iddialara cavab verirlər

Son illər bir çox rayonda vətəndaşlar tərəfindən həyətlərdə kənd toyuğu adı altında broyler toyuqlarının saxlanılması ilə bağlı müzakirələr artmaqdadır. İddialara görə, bu toyuqlara xüsusi iynələr vurulur və qısa müddət ərzində onların çəkisi sürətlə artırılır. Nəticədə bazara çıxarılan məhsul xarici görünüşcə kənd toyuğuna bənzəsə də, əslində sürətlə böyüdülmüş broyler olur. Bu məsələ cəmiyyət arasında həm sağlamlıq, həm də istehlakçı hüquqları baxımından narahatlıq doğurur. Xüsusilə, dərman və ya digər maddələrin nəzarətsiz istifadəsi ilə bağlı səsləndirilən fikirlər ictimai müzakirələri daha da gücləndirir. Mövzunun aktuallığı ondan ibarətdir ki, vətəndaşlar aldıqları məhsulun həqiqətən təbii və təhlükəsiz olub-olmadığını bilmək istəyirlər.

Buna görə də məsələ həm baytarlıq nəzarəti, həm də maarifləndirmə baxımından diqqət tələb edir.

WhatsApp Image 2026-02-11 at 12.04.45.jpeg (93 KB)

Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Musavat.com-a sözügedən iddialarla bağlı açıqlama verib.

O bildirib ki, əsas məsələ məhsulların qida təhlükəsizliyi qaydalarına uyğun şəkildə saxlanması, mənşəyinin bəlli olması, baytar nəzarətindən keçməsi, keyfiyyət sertifikatı ilə bağlı məlumatların düzgün təqdim olunmasıdır:

“Quş ətləri ilə bağlı bəzən yanlış fikirlər səslənir, xüsusilə, kənd toyuqlarının daha faydalı olması ilə bağlı məlumatlar yayılır. İstər Azərbaycanda, istərsə də dünyada broyler toyuqları həm qiymət, həm də əlçatanlığa görə daha geniş  istifadə olunur. Onların qısa zamanda çox çəki alması cinslə bağlıdır. Bu cins seleksiya yolu ilə alınır. Quşçuluq təsərrüfatında müəyyən yem rasionu var ki, standartlara uyğun şəkildə hazırlanır. Antibiotik isə müxtəlif xəstəliklərdən qorunmaq üçün yem ilə birlikdə verilir. Kəsimdən bir müddət öncə dərmanların verilməsi dayandırılır. Əgər dövlət nəzarətindən keçən müəssisəsidirsə, mütəmadi nəzarət varsa, məhsul keyfiyyətli, eyni zamanda qida təhlükəsizliyi qaydalarına uyğundursa, sertifikatı, yem və dərmanların istifadəsi üçün sənədləşmələr varsa, risk faktoru çox aşağıdır. Digər tərəfdən quş məhsulları düzgün saxlamırsa, yaxud bişirilərkən yarıbişmiş, az bilmiş halda problem yarada bilər. Nəzərə almaq lazımdır ki, toyuqlar yemlənərkən onlara hər hansı hormon vurulmur. Sadəcə onların yemlərində böyüməsi üçün lazım olan vitamin, minerallar və müəyyən maddələr verilir”.

Mütəxəssis broyler toyuqlarının bişirilməsi ilə bağlı tövsiyələrini bölüşüb:

“Yaxşı olar ki, toyuğu qaynatdıqdan sonra ilk suyu atılsın, əgər tərkibində antibiotik qalığı qalıbsa, onun miqdarı suyun atılması ilə 10 dəfəyə qədər azalacaq. Broyler toyuğunu gündəlik deyil, həftədə 1-2 dəfə 150-200 qramı keçməmək şərtilə qəbul etmək olar. Kənd toyuğu qida dəyərinə görə broyler toyuğundan daha üstündür, 4-6 ay ərzində böyüyür, daha çox  hərəkətdə olur, otla qidalanır, lakin qış mövsümündə öncədən hazırlanmış yemlərlə qidalanır. Buna görə də broyler toyuqlarının sümüyü daha sərt olur, daha uzun müddətdə bişir, dadı kəskin olur, daha qoxulu olur. Zülal dəyərinə görə broyler toyuğu kənd toyuğuna bənzəyir, yağlılıq miqdarında da az fərq olur, tərkibinə görə mineral dəyəri daha aşağı ola bilər. Ancaq kənd toyuğu mənşəyi bəlli olmayan yerdən alınırsa, hər hansı sertifikatı yoxdursa, riskli hesab olunur. Bir çox yerdə hətta fərqli şəkildə nəzarətdən keçməyən fermer təsərrüfatında saxlanan toyuqların müəyyən kimyəvi qatqı maddələri ilə rənglənib kənd toyuğu kimi satışı həyata keçirilir. İstehlakçı xəstə toyuğu üzdən görməyə bilər, yaxşı bişilmədikdə insan orqanizmi üçün müəyyən fəsadlar yarada bilər. Bəzən də yüksək risk qrupuna adi olan, zülal mənşəli qida olduğu halda daşınması, saxlanmasında soyuq qida zənciri prinsipləri qorunmur. Bir çox halda toyuq məhsulları bazarlarda, məhəllələrdə soyuducuda deyil, açıq şəkildə saxlanır ki, bu da məhsulun tərkibində mikroorqanizmlərin çoxalmasına gətirib çıxarır”.

WhatsApp Image 2026-02-11 at 12.04.44.jpeg (161 KB)

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli də Musavat.com-a açıqlamasında bu iddialara cavab verib.

Toyuqlara hormonal yemlərin verilməsi barədə danışan M.Həsənli bildirib ki, ətlik cücələrin 42 gün kimi qısa müddətdə kəsim çəkisinə çatmaları tamamilə genetik seleksiya, balanslı qidalanma, yaxşı idarə olunan mühit şəraiti və xəstəlik nəzarəti sayəsində əldə olunan bir məhsuldarlıq uğurudur:

“Ətlik cücələr 1930-cu illərdən bəri aparılan seleksiya işləri nəticəsində daha sürətli böyüyən, yemi daha yaxşı mənimsəyən və daha çox əzələ inkişaf etdirən cinslərdən seçilərək formalaşdırılmışdır. Bu, təbii seleksiyanın müasir üsullarla sürətləndirilmiş formasıdır. Həmçinin ətlik cücələr elmi tədqiqatlara əsaslanaraq hazırlanmış yem rasionları ilə qidalanırlar. Bundan əlavə, havalandırma, işıqlandırma, yerləşmə sıxlığı kimi ətraf mühit amilləri heyvan rifahı və məhsuldarlığı optimallaşdırmaq üçün tam nəzarət olunan sistemlərdə idarə olunur. Nəticə olaraq, ətlik cücələrin sürətli böyüməsi tamamilə təbii fizioloji inkişaf qabiliyyəti və elmi idarəetmə sayəsində baş verir. Azərbaycanda  ətlik cücələrə və yumurta toyuqlarına hormon verilməsi qanunla qadağandır, elmi və texniki baxımdan da mümkün deyil. Çünki təsirli bir nəticə əldə etmək üçün ya hər gün heyvanlara inyeksiya edilməlidir ki, bu, həm praktik, həm də maliyyə baxımından qeyri-mümkündür, ya da hormon yemin tərkibinə qatılmalıdır ki, bu da işə yaramaz, çünki hormonal molekullar heyvanların həzm sistemində, xüsusilə də mədənin aşağı pH səviyyəsində parçalanır. Bundan başqa, ətlik cücələr genetik olaraq sürətli böyüməyə uyğunlaşdırılmış cinslərdən olduğu üçün hormon istifadəsinə ehtiyac yoxdur. Xülasə, hormon istifadəsi qanuni baxımdan qadağandır, elmi baxımdan lazımsızdır, texniki baxımdan mümkün deyil və iqtisadi baxımdan məntiqsizdir”.

Onun sözlərinə görə, böyümə məqsədilə antibiotiklərdən də istifadə edilə bilməz:

“Ölkəmizdə və Avropa Birliyində antibiotiklərin böyümə faktoru kimi istifadəsi qadağan olunmuşdur. Antibiotiklər yalnız baytar həkimin nəzarəti altında xəstəliklərin müalicəsində istifadə olunur. Müalicədən sonra müəyyən bir gözləmə müddəti var və bu müddət ərzində heyvandan əldə edilən ət və yumurta istehlaka təqdim edilə bilməz. Qida Təhlükəsizliyi Agentliyi bu prosesləri ciddi şəkildə nəzarətdə saxlayır və istehlakçının Azərbaycan Qida Kodeksinə uyğun olaraq qalıqsız məhsul əldə etməsini təmin edir. Bu gün sağlam və etibarlı heyvansal istehsalın əsası elmdir, dərman və ya süni müdaxilələr deyil. Toyuqların qidalanmasında istifadə olunan bəzi yem xammalları, xüsusilə soya paxlası və qarğıdalı, dünyada əsasən genetik modifikasiya olunmuş variantlardan əldə edilir. Bu vəziyyət Avropa Birliyi və Azərbaycanda ciddi hüquqi tənzimləmələrə tabedir və GMO-lu məhsulların yalnız yem məqsədilə istifadəsi, Təhlükəsizlik Komissiyasının icazəsi ilə mümkündür. İndiyə qədər aparılan çoxsaylı araşdırmalar göstərmişdir ki, GMO-lu yemlə qidalanan heyvanların ətində və ya yumurtasında GMO izlərinə rast gəlinmir. Çünki yem vasitəsilə qəbul edilən GMO-lu DNT və zülallar, təbii yemlərdəki DNT və zülallar kimi heyvanların həzm sistemində parçalanır. Bu səbəbdən nə toyuq ətində, nə də yumurtasında GMO-lu bir tərkibə rast gəlinmir. Bundan əlavə, Avropa Qida Təhlükəsizliyi Təşkilatı və Dünya Səhiyyə Təşkilatı mövcud məlumatlara əsaslanaraq bildirir ki, GMO-lu yemlə bəslənən heyvanların məhsulları insan sağlamlığı baxımından risk yaratmır. Müasir ətlik cücələr daha qısa müddətdə və daha çox əzələ kütləsi ilə kəsimə getdikləri üçün onların birləşdirici toxumaları hələ tam formalaşmamış olur və kollagenləri istiliklə daha asan həll olunur. Bundan başqa, yüksək su tərkibi və homogen əzələ paylanması istilik ötürülməsinə və daha qısa bişirmə müddətinə töhfə verir. Keçmişdə toyuqlar daha yaşlı ikən kəsildiyi üçün əzələləri daha sıx olurdu və bu da bişirmə müddətinin daha uzun olmasına səbəb olurdu”

M.Həsənli qeyd edib ki, Azərbaycanda və dünyada quşçuluqda müxtəlif istehsal sistemləri mövcuddur:

“İntensiv, yarı-intensiv, sərbəst gəzən və orqanik kimi sistemlər bunlardan bəziləridir. Sərbəst gəzən və orqanik şəkildə yetişdirilən toyuqların ətində və yumurtasında bəzi qida maddələri baxımından müəyyən fərqlər ola bilər. Lakin bu fərqlər əsas makro qida maddələrinə təsir etməz. Əsasən bu fərqlər qidalanma ilə bağlıdır. Çünki təbiətdə sərbəst gəzən heyvanlar  həşərat, yaşıl ot kimi bitkilərlə qidalandıqlarına görə, xüsusilə omega-3 yağ turşuları, A və E vitamini baxımından ət və ya yumurtalarında müəyyən qədər fərqlilik görünə bilər. Əks halda, yalnız gəzinti davranışı yumurtaya və ya ətə əlavə qida maddəsi qatmaz. Seçim tamamilə istehlakçının dəyərlərinə və dad zövqünə bağlıdır. Bəzən yumurtanın içində qan ləkəsi və iplikvari quruluşlar görünə bilər. Bu quruluşlar tamamilə təbii və bioloji olaraq izah oluna bilən hadisələrdir. Qan ləkəsi, yumurta əmələ gəlməsi zamanı yumurtalıqda kapilyar damarların partlaması nəticəsində yaranır. Bu hal döllənmə və ya xəstəliklə əlaqəli deyil və sağlamlıq baxımından heç bir risk daşımır. Yumurtanın içində görünən ağ iplikvari quruluşlar isə yumurta sarısını ortada saxlayan və “şalaz” adlandırılan bağ toxumalarıdır. Şalazın olması yumurtanın təzə olduğunu göstərir. Yumurta köhnəldikcə bu quruluş boşalır və yox olur. Nəticə olaraq, bu quruluşlar yumurtanın köhnə, xarab, döllənmiş və ya sağlıqsız olduğunu deyil, əksinə, təzə və təbii şəkildə formalaşdığını göstərir. Lakin istehlakçı seçiminə əsasən, bişirmədən əvvəl yumurtadan çıxarılması mümkündür. Yumurtanın qabıq rəngi tamamilə toyuğun genetik xüsusiyyətlərinə bağlıdır və yumurtanın qida dəyərinə təsir etmir. Aparılmış araşdırmalar yumurtanın amin turşusu tərkibi və bioloji mənimsənilməsi baxımından qabıq rənginin heç bir üstünlük yaratmadığını açıq şəkildə göstərir. Yumurta sarısının rəngi tamamilə toyuğun yediyi yemlərin tərkibindən asılıdır. Yem tərkibində nə qədər çox karotenoid varsa, yumurta sarısı da o qədər tünd vəya narıncı rəngə çalacaq. Karotenoid mənbələri arasında yaşıl bitkilər, qarğıdalı, paprika və digərləri göstərilə bilər. Əgər toyuğun yediyi yemdə daha az karotenoid varsa, yumurta daha solğun rəngli olacaq.

Qida dəyəri baxımından isə yumurta sarısının rəngi yumurtanın enerji, vitamin, mineral və protein kimi əsas qida maddələrini əhəmiyyətli şəkildə dəyişmir”.

Nigar Həsənli,
Musavat.com  

Daha çox xəbərlər