İsmayıllı meşələrinin qırdıran o məşhur məmur kimdir?-Gözətçi danışdı
İsmayıllı rayonunun Qalınçaq kənd sakini, uzun illər meşə gözətçisi işləmiş Qurbani İlyaz oğlu Məcidov Musavat.com-a müraciət edərək ciddi iddialar səsləndirib. Onun sözlərinə görə, İsmayıllı Rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsində illərdir davam edən qanunsuzluqlar həm meşələrin talanına, həm də etiraz edən əməkdaşların cəzalandırılmasına gətirib çıxarıb.
Hərracdan 200 hektar meşə satıldı, qoz bağları məhv edildi?
Şikayətçinin iddiasına görə, 2017-ci ildə onun gözətçilik etdiyi Qalınçaq meşəbəyiliyinin 4A saylı dolayısına aid təxminən 200 hektar ərazi hərraca çıxarılıb və imkanlı, tanınmış bir şəxsə verilib. Həmin dövrdə müəssisədə baş meşəçi vəzifəsində çalışan Cabbar Qəribovun iştirakı və imzası ilə bu proses həyata keçirilib.
Qurbani Məcidov iddia edir ki, bundan sonra əraziyə ağır texnika yeridilib, hektarlarla meşə və qoz bağları məhv edilib:
“İri texnikalarla meşəni kürüdülər. Qoz bağlarını yerlə-yeksan etdilər. Mən buna etiraz etdim və nəticədə məni işdən çıxardılar”. Onun sözlərinə görə, etiraz etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunub.
“Etiraz etdim, fəhləyə çevrildim”
Şikayətçi bildirir ki, məsələni ictimailəşdirdikdən sonra bir ay ərzində yenidən işə götürülsə də, əvvəlki vəzifəsinə deyil, fəhlə kimi qəbul edilib.
“Babam da, atam da meşə gözətçisi olub. Mən də 2001-ci ildən bu işdə çalışmışam. Amma qanunsuzluğa etiraz etdiyim üçün vəzifəm aşağı salındı”, – deyə o vurğulayır.
“Meşəyə aidiyyəti olmayan şəxslər rəhbər təyin olundu”
Qurbani Məcidov daha sonra müəssisəyə meşəçilik sahəsində təcrübəsi olmayan bir hərbçinin rəhbər təyin olunduğunu iddia edir. Onun sözlərinə görə, həmin dövrdə də meşə qırıntıları və torpaq satışı halları davam edib.
O, Rəsul Quliyev adlı şəxsin meşə torpaqlarını qanunsuz şəkildə satdığını, sonradan hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını iddia edir. Lakin etiraz edənlərin, o cümlədən özünün yenidən işdən uzaqlaşdırıldığını bildirir.
Qardaş təyinatı və yeni iddialar
Şikayətçi iddia edir ki, Cabbar Qəribov daha sonra Nazirlik sistemində yüksək vəzifə ilə təmin olunub, onun qardaşı Əfqan Qəribov isə müəssisəyə rəhbər təyin edilib. Məcidovun sözlərinə görə, həmin dövrdə də qanunsuz ağac materialı dövriyyəsi və digər ciddi pozuntular baş verib.
Bu iddiaların hər biri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı ciddi faktlardır. Əgər deyilənlər təsdiqini tapsa, söhbət təkcə əmək mübahisəsindən deyil, dövlət meşə fondunun talan edilməsindən gedir.
2017-ci ildə Qalınçaq meşəbəyiliyində 200 hektar ərazi hərraca çıxarılıbmı?
Meşənin hərrac yolu ilə satılması niyə ictimaiyyətdən gizlədilib? Həmin ərazidə kütləvi qırıntılar olubmu. Cavab gözləyirik. Çünki söhbət bir nəfərin işindən yox, dövlətin, millətin meşələrinin taleyindən gedir.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. İddialarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və adı çəkilən şəxslərin münasibəti təqdim olunduğu halda, yayımlanacaq.
E.MƏMMƏDƏLİYEV
Musavat.com




