Cəmiyyət 

Respublika Narkoloji Mərkəzindən mühüm AÇIQLAMA: “Uşaqlara o halda…”

“Üzərlik bitkisinin tərkibində harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər mövcuddur”.

Bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, bu qrup alkaloidlər mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv birləşmələrdir:

“Bu maddələr beynin müəyyən funksiyalarına təsir edərək sinir impulslarının ötürülməsini dəyişdirir.

Onlar orqanizmdə serotonin, dopamin və adrenalin kimi neyrotransmitterlərin parçalanmasını ləngidir, nəticədə bu maddələrin sinir sistemindəki konsentrasiyası artır. Azərbaycanda üzərlik bitkisinin yandırılması (tüstülənməsi) qədim ənənə kimi qəbul olunur və bu konkret formada istifadə ilə bağlı birbaşa qadağa mövcud deyil. Lakin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, tərkibində narkotik və ya psixotrop təsirli maddələr olan bitkilərin kultivasiyası, idxalı, satışı və istifadəsi məhdudlaşdırıla bilər. Tərkibindəki psixoaktiv alkaloidlərə görə üzərlik bitkisi və onun ekstraktları bir çox ölkələrdə nəzarətə alınan maddələr siyahısına daxil edilib. Rusiya Federasiyası Hökumətinin 7 yanvar 2024-cü il tarixli, 135 nömrəli qərarı ilə üzərlik (harmala) bitkisi rəsmən “narkotik vasitələr olan bitkilər” siyahısına salınıb. Bu o deməkdir ki, Rusiya ərazisində həmin bitkinin idxalı, daşınması, saxlanması və satışı qanunsuz hesab olunur və cinayət məsuliyyətinə səbəb olur”.

Bu səbəbə vətəndaşlara tövsiyə olunur ki, xarici ölkələrə səyahət edərkən üzərlik bitkisini, onun toxumlarını, hissəciklərini və ya törəmələrini götürməsinlər. “Bəzi ölkələrdə bu bitkinin hətta kiçik miqdarda aşkarlanması ağır hüquqi nəticələrə səbəb ola bilər. Hər hansı bir bitkinin dərman məqsədli istifadəsindən əvvəl mütləq həkimə müraciət edilməsi tövsiyə olunur”, – məlumatda vurğulanır.

Üzərliyin tərkibində narkotik maddələr varsa, o zaman uşaqlar olan evdə yandırılması nə dərəcədə doğru? Nə miqdarda yandırıla bilər? Uşaqlara üzərlik iylətmək olarmı?

Üzərliyin yaratdığı təhlükə və xalq təbabətində faydaları - MÜTƏXƏSSİS RƏYİ

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, evdə üzərliyin yandırılması zamanı yaranan tüstü adətən qısa müddətdə havada yayılaraq seyrəkləşir və məişət şəraitində istifadə edildikdə ciddi risk hesab olunmur:

“Üzərlik Azərbaycanda tarixən daha çox aromatik və ritual məqsədlərlə istifadə olunan bitkidir və onun tərkibində narkotik maddələr yoxdur. Bitkinin tərkibində alkaloidlər qrupuna aid olan hermalin, harmin və harmalol kimi maddələr mövcuddur ki, bunlar bioloji aktiv komponentlərdir. Bu maddələr çox yüksək miqdarda qəbul edildikdə müəyyən təsir göstərə bilər, lakin məişətdə tüstü şəklində istifadə zamanı onların təsiri minimal olur. Bununla belə, uşaqların olduğu mühitdə hər hansı tüstü və kəskin qoxulu maddələrin həddindən artıq istifadəsi tövsiyə edilmir. Ümumiyyətlə, qapalı məkanların mütəmadi havalandırılması məqsədəuyğun hesab olunur”.

Qeyd edək ki, üzərlik bitkisi dünyada qadağan edilməyib, amma psixoaktiv maddələrə malik olduğu üçün bir çox ölkələrdə qadağan olunmuş və nəzarət olunan maddələr siyahısına daxil edilir. Bu səbəbdən sərhəd keçidində, saxlanmasında və satışında ciddi məhdudiyyətlər mövcuddur. Məsələn, Səudiyyə Ərəbistanında üzərlik psixoaktiv maddə kimi qiymətləndirilir və onun daşınması və saxlanması ciddi şəkildə qadağandır. Birləşmiş Ərəb Əmirliklərində isə üzərlik toxumları narkotik maddə kimi hesab oluna bilər və buna görə ciddi cəzalar tətbiq olunur. Sinqapurda psixotrop və narkotik tərkibli bitkilərə sıfır tolerantlıq var və üzərlik ekstraktı və toxumları qadağan edilmiş maddələr siyahısına daxil edilə bilər.

Afaq MİRAYİQ,
Musavat.com

Daha çox xəbərlər