Xamenei səlahiyyətləri ona həvalə etdi – Tehrandan TƏCİLİ QƏRAR
ABŞ-nin nüfuzlu “The New York Times” nəşri İran hakimiyyətində mümkün fövqəladə ssenarilərlə bağlı diqqətçəkən məlumat yayıb.
Musavat.com xəbər verir ki, qəzet bu barədə İranın yüksək vəzifəli rəsmilərinə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələrinə istinadən yazıb.
Məlumatda bildirilir ki, rəsmi Tehran ölkənin ali rəhbəri Əli Xameneinin ölümü və ya ABŞ ilə potensial hərbi münaqişə fonunda idarəetmənin pozulması ehtimalına qarşı ehtiyat plan hazırlayır.
Məlumata görə, Xamenei səlahiyyətlərinin bir hissəsini ən etibarlı yaxın çevrəsinə həvalə edib, həm hərbi, həm də mülki strukturlarda çoxpilləli varislik sisteminin formalaşdırılmasını tapşırıb.
Bildirilir ki, ali rəhbərlə əlaqənin kəsilməsi və ya onun vəfatı halında idarəetməni davam etdirə biləcək dörd potensial müavin müəyyənləşdirilib.
Qəzet yazır ki, əsas qərarların koordinasiyası İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə həvalə olunub. Son aylarda Laricaninin təsir imkanlarının artdığı, onun daxili təhlükəsizlik məsələlərinə, regional müttəfiqlərlə əlaqələrə nəzarət etdiyi və Vaşinqtonla nüvə proqramı üzrə aparılan danışıqlarda iştirak etdiyi qeyd olunur.
Eyni zamanda, İsraillə son gərginlik dövründə Xameneinin üç potensial varis namizədini müəyyən etdiyi, lakin onların adlarının açıqlanmadığı bildirilir. Laricani din xadimi olmadığı üçün mümkün varislər siyahısında yer almır.
Tehran hesab edir ki, davam edən diplomatik təmaslara baxmayaraq, ABŞ tərəfindən mümkün hərbi zərbələr riski yüksək olaraq qalır. Bu fonda İran silahlı qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyi və bir sıra hərbi təlimlərin keçirildiyi vurğulanır.

