Paşinyana qarşı növbəti hücum
Ermənistanda hakimiyyətə qarşı revanşist düşərgədən ittihamlar səsləndirilməkdə davam edir.
Musavat.com xəbər verir ki, politoloq Benyamin Matevosyan baş nazir Nikol Paşinyanın siyasətini kəskin tənqid edərək ölkənin təhlükəli geosiyasi kursa sürükləndiyini iddia edib.
Matevosyanın fikrincə, Ermənistan xarici siyasətdə “zərər vermə” prinsipini gözardı edir və balanslı mövqe tutmaq əvəzinə birtərəfli addımlar atır. O, xüsusilə Ukraynaya humanitar yardım məsələsini qabardaraq bunun digər istiqamətlərlə paralel aparılmadığını vurğulayıb.
Matevosyan iddia edib ki, Ermənistan uzun müddət Rusiya ilə iqtisadi və logistik əməkdaşlıqdan fayda əldə edib və hətta müəyyən mənada körpü rolunu oynayıb. Lakin onun sözlərinə görə, son hadisələr bu balansı poza bilər.
Matevosyan Paşinyanın siyasətini daha da sərt tənqid edərək bildirib ki, ölkə “qlobal güclərin qarşıdurma meydanına” çevrilir. Onun iddiasına görə, Ermənistan bu prosesdə yalnız itirən tərəf olacaq.
Benyamin Matevosyan həmçinin Avropa istiqamətini də şübhə altına alıb və Ermənistanın Avropa İttifaqına inteqrasiyasının real perspektivi olmadığını vurğulayıb. Matevosyana görə, Paşinyan hakimiyyəti bunu daxili siyasi məqsədlər üçün istifadə edir.
Matevosyan sonda iddia edib ki, bu kurs Ermənistanı “ikinci cəbhəyə” çevirə və onu daha böyük risklərlə üz-üzə qoya bilər.

