AMEA-nın alimləri nə qədər maaş alır? – MƏBLƏĞ
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Azərbaycan elmində əldə olunmuş yeniliklərin müzakirə edildiyi toplantıda AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə rəhbərləri və müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Toplantıda illik hesabat çıxışları səsləndirilib, ötən ilin elmi nəticələri və qarşıya qoyulan digər məsələlər diqqətə çatdırılıb.
Elmi mövzuların müzakirə edildiyi tədbirdə aralarında alimlərin yer aldığı bəzi iştirakçıların mürgülədiyi müşahidə olunub. Bu da sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Alimləri tənqid edən, hətta onlara lağ edənlərlə yanaşı, elm adamlarına qahmar çıxan, onların tərəfini tutanlar da olub. Həmin şəxslər Azərbaycanda alimlərin məvacibinin aşağı olduğunu əsas gətirərək, onların iclasda yatmağına haqq qazandırıblar.
Apardığımız araşdırma zamanı məlum olub ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin (akademiklər) aylıq rütbə maaşı təxminən 2000 manatdır.
Bu məbləğ 2018-ci ilin oktyabrında Prezident sərəncamı ilə müəyyən olunub.
AMEA-nın müxbir üzvlərinə aylıq rütbə maaş isə təxminən 1200 manatdır.
Qeyd edək ki, bu rütbə maaşıdır, yəni həmin akademik statusuna görə verilən məbləğdir. Bu kateqoriyaya aid olan insanların bəziləri başqa dövlət vəzifələri, elmi institut rəhbəri və s. kimi əlavə maaşlar da alırlar.
AMEA-nın institutlarında çalışan alim və işçilərin vəzifə maaşı isə təxminən belədir:
Vəzifə/Kategoriya Aylıq vəzifə əməkhaqqı (təxmini):
Kiçik elmi işçi – 650 manat
Elmi işçi – 675 manat
Böyük elmi işçi – 700 manat
Aparıcı elmi işçi – 730 manat
Baş elmi işçi / şöbə müdiri – 760 manat//Metbuat.az

