Cəmiyyət 

“Kosa” və “keçəl” “soyğunu” -REPORTAJFOTO

Azərbaycanda yazın gəlişi təkcə təbiətin oyanışı deyil, həm də bazarların canlanması deməkdir. Hər il Novruz yaxınlaşdıqca eyni mənzərə təkrarlanır: çərəz piştaxtaları bəzənir, alıcıların sayı artır, qiymətlər isə sanki “qanad açır”.

Artıq illərdir formalaşmış ənənə var – bayram gəlirsə, məhsullar bahalaşmalıdır. Onsuz da əvvəlcədən bahalaşan ərzaq məhsulları bayram ərəfəsində bir qədər də “təpəyə çıxır”. Satıcıların dili ilə desək, “optovoy” bahadır. Alıcıların dili ilə desək, “cib yanır”. Novruz süfrəsi azərbaycanlı üçün sadəcə yemək masası deyil, milli qürur, adət-ənənə məsələsidir. Ən kasıb ailə belə çalışır ki, xonçası boş qalmasın. Tələbat artır, qiymət də onun ardınca.

İqtisadçı Xalid Kərimli bildirir ki, bahalaşmanın arxasında obyektiv səbəblər dayanır. Onun sözlərinə görə, 2025-ci ildə çərəzlərdə ciddi məhsuldarlıq problemi olub: ” Məhsuldarlığın aşağı düşməsi və logistika xərclərinin yüksək olması qiymətlərə təsir edir. Bayramla bağlı bahalaşma müəyyən qədər mövsümidir, amma digər amillərlə bağlı artımlar qalıcı ola bilər”. Yəni bayram keçəcək, amma bəzi qiymətlər yerində qalacaq.

Musavat.com-un əməkdaşı paytaxtın “kasıb bazarı” və ya “Bakının Temusu” kimi tanınan “8-ci kilometr bazarı”na üz tutub və Novruz süfrəsinin əsas atributu olan çərəzlərin real qiymətini yerində öyrənib.
Piştaxtalarda əsasən yerli məhsullar – Zaqatala, Qəbələ, Xaçmaz qoz-fındığı, eləcə də İrandan gətirilən çərəzlər gözə dəyir. İlk olaraq qabıqlı çərəzlərin qiyməti ilə maraqlandıq. Qabıqlı qoz – 5-6 manatdan başlayır, 9-10 manata qədər yüksəlir. Zaqatala və Xaçmaz fındığı 10 manata təklif olunur. Qəbələ fındığı 12 manatdan ucuz tapılmır.Qabıqlı badam 5-6 manata, Qəbələ şabalıdı növündən asılı olaraq 10-12 manata satılır.

 

Ən ucuz Novruz bazarlığını haradan etməli? - MÜQAYİSƏLİ QİYMƏTLƏR - REPORTAJ - FOTOBəs ləpələr və qurudulmuş meyvələr neçəyədir?

Qoz ləpəsi 14 manatdan başlayır, 18 manata qədər qalxır. Soyulmuş qoz ləpəsi də 18 manatdan ucuz deyil. Fındıq ləpəsi 24-25 manat, soyulmuş fındıq 26 manatdır.
Badam ləpəsi 12 manata satışa çıxarılıb. Qurudulmuş meyvələr də bahalaşıb.
Sarı və orta ölçülü kişmiş 9, qara kişmiş 7-8, iri qara kişmiş 9, qırmızımtıl kişmiş isə 7 manata piştaxtaya düzülür.Ərik qurusu 7, 11, hətta 18, Xurma 4 manat (ən ucuz variant), innab isə 8-9 manatdır. İydə 5 manatdan başlayır, bəzi hallarda 10 manata qədər qalxır.

Qiymətlərə baxdıqca bir sual yaranır: bu süfrəni açmaq üçün nə qədər maaş lazımdır?

Satıcılar qiymət artımında özlərini günahkar saymırlar: “Qiyməti biz bahalaşmırıq. Özümüz də malı “optovoy”dan baha alırıq. Üstünə cəmi 1-2 manat qoyuruq. Yerli məhsul bahadır, amma keyfiyyəti yaxşıdır. Alıcı da əsasən yerli istəyir. İrandan, Özbəkistandan gələn mallar əladır. Biz də istəyərik ucuz olsun ki, hamı alsın”.Onların sözlərinə görə, qarşıdan həm Novruz, həm də Ramazan bayramı gəlir və tələbat daha da artacaq. Görünən odur ki, Novruz süfrəsi bu il də ucuz başa gəlməyəcək. Qiymətlər “gəl-gəl” deyir, amma pul kisəsi tərəddüd edir. Maaş yerində sayır, bazar isə irəli qaçır. Yenə də insanlar çalışacaq ki, xonça boş qalmasın. Çünki Novruz süfrəsi Azərbaycan ailəsi üçün sadəcə çərəz deyil – birlik, bərəkət və ümid rəmzidir.

Amma reallıq budur: bayram gəlir, “kosa” və “keçəl” bazarlarda hər il olduğu kimi “soyğuna” başlayır…

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər