Cəmiyyət 

Xocavənd kəndinə bu il daha 130 ailənin köçürülməsi planlaşdırılır

Xocavənd rayonuna media-tur təşkil olunub.

“İki sahil” xəbər verir ki, media nümayəndələri ilk olaraq Xocavənd rayonunun Xocavənd kəndində olublar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli kənddə görülmüş bərpa-quruculuq işləri bağlı məlumat verib. Bildirib ki, Xocavənd rayonunun Xocavənd kəndi 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin antiterror tədbirləri nəticəsində işğaldan azad edilib.
Burada ümumilikdə 278 fərdi ev var. Onlardan 128-i yararsız, 150-si isə qismən yararlıdır. Qismən yararlı evlərin 20-si artıq təmir olunub, bu il daha 130 evdə təmir işləri aparılacaq.

Bu ilin fevralında Xocavənd kəndinə 20 ailə – 94 nəfər qayıdıb. Cari ilin mart-dekabr aylarında kəndə daha 130 ailə – 533 nəfərin qayıtması planlaşdırılır.
Ötən müddət ərzində kənddə bir sıra sosialyönümlü işlər görülüb. Belə ki, 5 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilib, 1500 metr uzunluğunda mövcud xətt bərpa edilib. Bundan başqa, 2100 metr uzunluğunda 0,4 kV-luq mövcud xətlər və 2 transformator məntəqəsi bərpa olunub. Kənddaxili yollar asfaltlanıb, piyada yolları çəkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar.

Daha çox xəbərlər