Cəmiyyət 

Azərbaycanda turizmlə bağlı son dəqiqə açıqlamaları

Bu gün Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda dinləmələr keçirilib.

Musavat.com-un məlumatına görə, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib. Bildirib ki, Azərbaycanda hazırda turizm sektorunda 80 minə yaxın adam çalışır: “Hesablamalar göstərir ki, turizmin inkişafı yaxın illərdə 450 mindən çox iş yerinin açılmasını dəstəkləyə bilər”.

Musa Quliyev bildirib ki, turizm 50-dən çox sahəni birləşdirir. Onun sözlərinə görə, bu sektor inkişaf etdikcə dövlətin gəlirləri və məşğulluq artır, kiçik və orta biznes genişlənir, regionlar dirçəlir: “Etiraf edək ki, hazırda Azərbaycana gələn turistlərin sayı ölkəmizin potensialından çox aşağıdır. Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, mətbəxi turizm üçün çox cəlbedicidir. İctimai asayiş, təhlükəsizlik yüksək səviyyədədir. Amma qiymət, xidmət, logistik, tanıtım problemləri həll olunmadan güclü turizm ölkəsinə çevrilmək çətindir”.

Parlamentin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov isə deyib ki, müasir dövrdə tibbi turizmin əhəmiyyəti böyükdür: “Təəssüflə qeyd etmək istəyirəm ki, bu gün tibbi turizm sahəsində ölkəmizin imkanlarından istifadə edə bilmirik. Amma buna imkanlarımız var”.

Komitə sədri bildirib ki, tibbi turizmdən gələn gəlir digər turizm növlərindən gələn gəlirlərdən 6-10 dəfə yüksəkdir: “Ölkəmiz bu sahədə böyük vəsait əldə edə bilər. Tibbi turizmi inkişaf etdirmək istəyiriksə, bizim tanınmış, geniş imkanlı klinikalarımızın beynəlxalq akreditasiyasını keçirməliyik. Dünya miqyasında klinikalarımızı tanısınlar. Tibbi turizmi inkişaf etdirmək istəyiriksə, mütləq ölkəmizdə reabilitasiya mərkəzləri də yaratmalıyıq”.

Daha çox xəbərlər