Cəmiyyət 

İldə 100 milyon kubmetr su ehtiyatı yaratmaq…

Qarşıda hansı hədəflər və prioritetlər durur?

Qlobal su qıtlığına dair elmi araşdırmalar aparan beynəlxalq ekspertlər hesab edirlər ki, hazırda dünyada bir milyarda yaxın insan təmiz su çatışmazlığından əziyyət çəkir. Məhz bu kimi qlobal problemlərin həlli  və sudan səmərəli istifadə üçün bir çox ölkələr yeni layihələr və planlar hazırlayırlar. Bəs bu gün ölkəmizdə  bu sahədə vəziyyət necədir? Mütəxəssisələr  vurğulayırlar ki, Azərbaycan azsulu ölkələr sırasındadır və bu səbəbdən də su çatışmazlığı problemi ölkəmizdə də mövcuddur. Hazırda su ehtiyatlarımızın 70 faizi ölkəmizdən kənarda formalaşır və bizə Kür, Araz, Samur kimi çaylarla tranzit olunur. Son illərdə müşahidə olunan davamlı quraqlıq su ehtiyatlarımızın azalmasına səbəb olub. Azərbaycan ərazisinin iqlimi qlobal iqlim sisteminin tərkib hissəsidir və bu sistemdə baş verən proseslər müxtəlif intensivliklə və müxtəlif zaman kəsiyində ölkəmizin iqlim şəraitinə təsir göstərir. Yəni, hazırda dünyada 33 ölkə su çatışmazlığı ilə bağlı problem yaşayır. Təəssüf ki, ölkəmiz də onların sırasına daxildir. Belə ki, ölkəmizdə su ehtiyatları 30,6 kubkilometr ətrafında qiymətləndirilir. Lakin azsulu və çoxsulu illərdə təbii ki bu rəqəm dəyişir. Hazırda bərpaolunan şirin su ehtiyatları 26,2 milyard kubmetr təşkil edir. Bunun 8,4 milyard kubmetri yeraltı sulardan, 4,6 milyard kubmetri yerli çay axınlarından və 13,2 milyard kubmetri isə transsərhəd yerüstü sulardan formalaşır.

Su ehtiyatlarımız Cənubi Qafqazın digər ölkələri ilə də müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının təxminən 15 faizini təşkil edir. Digər tərəfdən, son illər iqlim dəyişikliklərinin və uzun sürən quraqlıqların təsirindən ölkəmizin əsas su arteriyaları olan Kür və Araz çaylarının axınları kəskin surətdə azalır, daxili çayların, eləcə də göllərin bir çoxu  quruyur. Buna görə də su ehtiyatlarından səmərəli istifadə, onun ədalətli bölgüsünün, uçotunun aparılması, istifadəsinə nəzarətin gücləndirilməsi zəruridir. Məhz bu zərurəti vaxtında dəyərləndirən  Prezident İlham Əliyev «Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya»nı təsdiq edib. Strategiyaya uyğun olaraq  Azərbaycanda su ehtiyatlarının vahid idarəetmə sisteminə tam keçid 2027-ci ilin sonuna qədər təmin ediləcək

Bundan başqa, 2026-2035-ci illəri əhatə edən yeni Dövlət Proqramının strateji sütunlarından biri də dəniz suyunun duzsuzlaşdırılması texnologiyasının tətbiqidir. Bu işə artıq bir çox ölkələrdə start verilib.  Ölkəmizdə əsas hədəf innovativ üsulların tətbiqi ilə illik 100 milyon kubmetr içməli su ehtiyatı yaratmaqdır. Su ehtiyatlarının azalması, istehlakın artması və qonşu ölkələrdən asılılıq dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisini təkcə cari çağırışlara cavab olaraq deyil, həm də uzunmüddətli perspektivdə su təchizatının davamlılığına doğru atılan strateji addıma çevirir.

Layihə su ehtiyatlarının şaxələndirilməsində mühüm rol oynayacaq, Bakı və Abşeron yarımadasını içməli su ilə təmin edəcək, həmçinin xarici mənbələrdən asılılığı azaldacaq. Yeni magistral kəmərin inşası emal olunmuş dəniz suyunun mövcud paylayıcı şəbəkəyə tam inteqrasiya edəcək. İnnovativ üsullarla əldə edilən içməli su Ceyranbatan su anbarı vasitəsilə Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin su təchizatı sistemlərinə ötürülərək şəbəkədəki gərginliyi azaldacaq. Bununla da şəhər sakinləri müasir texnologiyalarla təmizlənmiş sudan istifadə edəcəklər. İndiyədək Azərbaycanın su ehtiyatları əsasən yağıntılardan, çaylardan və məhdud yeraltı mənbələrdən asılı idisə, artıq Xəzər dənizinin tükənməz sərvəti əhalinin xidmətinə veriləcək. Vurğulamaq lazımdır ki, Azərbaycanda su itkilərinin qarşısının alınması üçün dövlət investisiyaları əsasən infrastrukturun modernləşdirilməsinə, köhnə boru kəmərlərinin dəyişdirilməsinə və ağıllı idarəetmə sistemlərinin tətbiqinə yönəldilir. 2024-2027-ci illər üzrə strateji hədəflər içməli su itkilərini mərhələli şəkildə 33-35 faizə qədər azaltmağı hədəfləyir.

2026-2035-ci illəri əhatə edəcək Dövlət Proqramı iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələ (2026–2030) mövcud infrastrukturun əsaslı yenilənməsi, yağış sularının idarə olunması, tullantı sularının təkrar istifadəsi, «ağıllı su şəbəkələri»nin tətbiqi və su itkilərinin azaldılması kimi prioritetləri ehtiva edir. İkinci mərhələ (2031–2035) isə yeni su anbarları və nasos stansiyalarının tikintisi, təchizatın fasiləsizliyinin təmin edilməsi və müasir xidmət modellərinin tətbiqini hədəfləyir.

Beləliklə, icra olunacaq Dövlət Proqramının məqsədi su mənbələrinin dayanıqlılığının təmin edilməsi, suyun mənbədən götürülməsi, emalı, nəqli, saxlanılması və paylanması proseslərin optimallaşdrılması, əhalinin keyfiyyətli və dayanıqlı su ilə təmin edilməsi, alternativ su mənbələrindən istifadəni nəzərdə tutur. Proqramın uzunmüddətli məqsədləri Bakı şəhərinin Baş Planı ilə uzlaşdırılaraq müasir su təchizatı xidmətlərinin göstərilməsi və ölkənin su ehtiyatlarının səmərəli idarə olunmasına imkan yaradacaq.

Elçin Zaman, «İki sahil»

Daha çox xəbərlər