Region Xəbərləri 

Tərtərin İrəvanlı Kəndində Od Çərşənbəsi təntənəli qeyd edildi

Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin, Qərbi Azərbaycan İcmasının Tərtər rayon nümayəndəliyinin və Mamırlı bələdiyyəsinin birgə təşkilatçılığı ilə Novruzun ikinci çərşənbəsi — Od çərşənbəsi rayonun İrəvanlı kəndində böyük coşqu ilə qeyd olunub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə sədrləri, YAP rayon təşkilatının sədri, mədəniyyət işçiləri, kənd ağsaqqalları və sakinlər iştirak ediblər.
Tədbir başlamazdan əvvəl rəsmi qonaqlar və kənd sakinləri tərəfindən kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla yad olunaraq abidə önünə gül dəstələri qoyulub.
Mərasimin rəsmi hissəsində aparıcılar Novruz çərşənbələri haqqında geniş məlumat verərək, Od çərşənbəsinin istiliyin, günəşin və dirçəlişin rəmzi olduğunu vurğuladılar. Qeyd olundu ki, od yalnız yandıran və istilik verən ünsür deyil, həm də insanı mənəvi çirklərdən təmizləyən, görünməz ağırlıqları yox edən bir güc hesab olunur. El arasında tez-tez işlədilən “Suyun yumadığını od təmizlər” deyimi də məhz bu qədim inancdan qaynaqlanır. Beləliklə, Od çərşənbəsi xalq yaddaşında əsasən “ağırlığın məhv olduğu gün” kimi yaşayır. İnanca görə, insanın üzərinə qonan uğursuzluqlar və mənfi enerjilər məhz od vasitəsilə yox edilir. Buna görə də tonqal adətən həyət qapısının sonunda qalanardı ki, evə daxil olan hər kəs dərdini, ağırlığını odda qoyub içəri keçsin. Tonqalın üzərindən atlanan hər kəs isə “köhnə dərdlər odda qalsın, yeni il isə işıqla başlasın” arzusunu pıçıldayır.
Tarixi mənbələrdə “Üskü çərşənbə” və ya “Üskü gecəsi” adları ilə də tanınan bu gündə tonqallar digər günlərlə müqayisədə daha möhtəşəm qalanardı. Qədim Azərbaycan inanclarına görə, od işıqlı sabahın, bolluğun və xeyir-bərəkətin rəmzi idi. Bu gün də İrəvanlı kəndində sakinlər həmin qədim adətlərə sadiq qalaraq möhtəşəm tonqal başına toplaşdılar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov irəvanlıları Od çərşənbəsi münasibətilə təbrik edərək, hər kəsə sağlamlıq, bol ruzi və bərəkət arzuladı. Rayon rəhbəri çıxışında xüsusi olaraq bildirdi ki: “Bu il Bahar bayramı bizim üçün ikiqat sevinclidir. Çünki təbiətin oyanışı olan Novruzla, mənəvi saflaşma ayı olan müqəddəs Ramazan bayramı eyni vaxta təsadüf edir. Bu gözəl təsadüf xalqımızın milli və dini dəyərlərinin vəhdətini bir daha nümayiş etdirir. Arzu edirəm ki, dualarımızın qəbul olunduğu bu günlərdə ocaqlarınızın odu sönməsin, süfrələriniz həmişə bərəkətli olsun.”
Daha sonra alovlandırılan bayram tonqalı hər yanı nura boyadı. Qonaqlar sakınlərlə birlikdə ocaqda, sac üstündə bişən kətənin, qovurğanın dadına baxdılar, çərşənbə şirniyyatlarından daddılar. Tonqal başında kəndin cavanları milli musiqimizin sədaları altında “Yallı” getdilər, pəhləvanlar öz güc və məharətlərini göstərdilər. Şirin söhbətlər edildi, qədim adət-ənənələr və inanclar bir daha yada salındı. Tədbirin sonunda kəndin ağsaqqalı Yedigar Məmmədov evində ziyarət edilərək bayramı təbrik olundu.
Əziz xalqımız, Od çərşənbəniz mübarək! Eviniz isti, ruziniz bol, ocağınız həmişə gur yansın!

Daha çox xəbərlər