Cəmiyyət 

Artıq əvvəlki kimi olmayacaq — Dövlət hərəkətə keçdi

Texnologiyalar inkişaf etdikcə sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onlardan istifadə edənlərin isə çoxu uşaqlardır. Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmunlardan qorunması üçün sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, uşaqların internetdən çox erkən yaşda istifadə etməsi yeni qaydaların yaradılmasını tələb edir. Bu addım həm təhlükəsizliyi artırmaq, həm də mövcud vəziyyəti müasir tələblərə uyğunlaşdırmaq məqsədi daşıyır.

Bununla bağlı Demokrat.az-a açıqlama verən İT mütəxəssisi Elvin Abbasov deyib ki, Azərbaycan reallıqları prizmasından yanaşdıqda hüquqi və texniki imkanların sərhədlərini düzgün qiymətləndirmək vacibdir:

“Bu gün yüzlərlə sosial şəbəkə və rəqəmsal platforma fəaliyyət göstərir və onların böyük əksəriyyətinin Azərbaycanda hüquqi qeydiyyatı, nümayəndəliyi və ya fiziki ofisi yoxdur. Bu isə o deməkdir ki, dövlət birbaşa inzibati təsir və ya klassik nəzarət mexanizmlərini həmin platformalara tətbiq etmək imkanına malik deyil. Qəbul ediləcək tənzimləmələr ilk növbədə Azərbaycan Respublikasının yurisdiksiyası daxilində qüvvəyə minir və ölkə ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər üçün hüquqi öhdəlik yaradır. Yəni yanaşma yalnız platforma məsuliyyəti kimi deyil, vətəndaşın və yerli institutların qanun qarşısında məsuliyyəti prizmasından da qiymətləndirilməlidir. Qanun tələbləri pozulduğu halda ölkə daxilində inzibati məsuliyyət tədbirləri tətbiq oluna bilər. Eyni zamanda bu o demək deyil ki, xarici platformalar tamamilə hüquqi təsir zonasından kənardadır”.

O bildirib ki, dövlət dolayı tənzimləmə mexanizmlərindən istifadə edə bilər:

“Məsələn, ölkə ərazisində reklam bazarı, yerli maliyyə əməliyyatları, rəsmi tərəfdaşlıq münasibətləri və ya digər iqtisadi və hüquqi alətlər vasitəsilə platformalara uyğunlaşma tələbi qoyula bilər. Beynəlxalq praktikada bu model geniş yayılıb və əsas məqsəd platformanı birbaşa deyil, mövcud iqtisadi və hüquqi mexanizmlər vasitəsilə məsuliyyət müstəvisinə cəlb etməkdir. Sənədin mahiyyəti qlobal platformalara inzibati təzyiq mexanizmi yaratmaqdan daha çox, ölkə daxilində hüquqi çərçivə formalaşdırmaq, məsuliyyət zonalarını müəyyən etmək və uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin əsaslarını qurmaqdır. Effektiv nəticə yalnız normativ tənzimləmə ilə deyil, eyni zamanda valideynlərin, təhsil sisteminin və cəmiyyətin ümumi hüquq və rəqəmsal mədəniyyət səviyyəsinin yüksəldilməsi ilə mümkün olacaq”.

Görünən odur ki, yeni qaydalar həm nəzarəti gücləndirəcək, həm də cəmiyyəti daha diqqətli olmağa sövq edəcək.

Daha çox xəbərlər