Sürətli Qida, Yavaş Sağlamlıq: Paketləşdirilmiş Məhsulların Gizli Təhlükəsi – QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son illərdə fast food məhsulları, paketləşdirilmiş qidalar və qazlı içkilər gündəlik qida rasionunun ayrılmaz hissəsinə çevrilib. Xüsusilə şəhər həyatının sürətli tempi insanları tez hazırlanan, ucuz və əlçatan qidalara yönəldir. Lakin bu məhsulların tərkibində yüksək miqdarda şəkər, duz, trans yağlar və müxtəlif dad gücləndiricilərin olması onların sadəcə qida deyil, müəyyən mənada “asılılıq yaradan” vasitəyə çevrilməsinə səbəb olur. İnsan bir dəfə bu dadlara alışdıqdan sonra orqanizm daha çoxunu tələb edir və nəticədə sağlam qidalanma vərdişləri arxa plana keçir. Bu cür qidalar beyində mükafat mexanizmini aktivləşdirərək qısa müddətli həzz hissi yaradır. Bu isə insanı təkrar-təkrar eyni məhsullara yönəldir. Nəticədə artıq çəki, şəkərli diabet, ürək-damar xəstəlikləri və digər ciddi sağlamlıq problemləri yaranır. Bəs insanları bu asılılıq yaradan qidalardan necə uzaq tutmaq olar? Maarifləndirmə, sağlam qida seçimlərinin təşviqi və ailədən başlayan düzgün qidalanma mədəniyyəti bu problemin həllində əsas rol oynaya bilər. Bu mövzu cəmiyyətin sağlam gələcəyi baxımından xüsusi diqqət tələb edir.
Mövzu ilə bağlı Sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, məcbur olmadıqca fast-food qidalanma tərzinə müraciət etməməliyik. Onun sözlərinə görə, bu qidalarda problem yalnız kalori deyil: “Bu qidalarda adətən eyni anda duz, şəkər, yağ çox olur. Orqanizmimiz qısa müddətə doyduğunu hiss edir. Amma sonra yenə acırıq və yenidən yemək istəyirik. Əgər mütəmadi fast-foodla qidalanırıqsa, əsas risklər çəki artımı, qan təzyiqinin yüksəlməsi, qan yağlarının pisləşməsi, qanda şəkərin tez-tez dəyişməsi hallarıdır. Bir də xroniki halsızlıq, mədə yanğısı, şişkinlik kimi gündəlik narahatlıqlar artır. Belə qidalarda lif az olur, tərəvəz az olur, su balansı pozulur.
Fast-food qidalarda çox vaxt E621 adlı qida qatqı maddəsi qatılır. Digər adı ilə monomatrium qlutamatdır. Bu maddə istənilən qidaya qatıldıqda o qidaya qarşı bizdə asılılıq yaranır. Həmçinin dad kombinasiyası çox güclüdür. Duz, yağ, şəkər birlikdə beyində mükafat sisteminə təsir edir. Yəni beyin bunu tez məmnunluq kimi qəbul edir və həmin hissi təkrar axtarır. Fast-food çox vaxt çox yumşaq və asan çeynənən olur. Tez yeyilir. Beyinə doyma siqanalı gec çatır. Nəticədə ehtiyacımızdan artıq yeyə bilirik. Bu qidalara qatılan digər qatqı maddələri konservantlardır. Rəf ömrünü uzadır, mikroorqanizmlərin artmasını ləngidir. Rəngləndiricilər və aromatizatorlar məhsulun görünüşünü yaxşılaşdırır.
Emulqatorlar və stabilizatorlar sousun ayrılmaması, mayonezin kəsilməməsi, dondurmanın daha kremli olması kimi effektlər verir. Dadlandırıclar şəkər az olsa da, çox şirin dad yaradır.
Bu qidaların qida dəyəri az olur. Əgər mütləq fast-food yemək istəyiriksə, ayda maximum 1-2 dəfə az porsiya qəbul edə bilərik. Hər zaman ev üsulu, sağlam qidalar ən yaxşı seçimdir”.
Müəllif: İlkin Məmmədkərimov

