Gündəm 

Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır

Hal-hazırda Qətərdə olan 200 Azərbaycan vətəndaşının xüsusi təyyarə reysi ilə təxliyəsi istiqamətində iş aparılır.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, Qətər hava məkanı bağlı olduğu üçün, Azərbaycan vətəndaşlarının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır.

Onun sözlərinə görə, nazirliyin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhəddindən istifadə olunur:

“İndiyə qədər 260 nəfər vətəndaşımız Azərbaycan sərhəddindən keçid edib. Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur”.

Daha çox xəbərlər