Molla rejimi ağılını itirib” – Elxan Şahinoğlu
“İranın mühafizəkar rejimi lap ağlını itirib. Naxçıvan hava limanına dronlarla zərbələr endirilməsi İran rejiminin ən böyük səfidir və ağılsızılığıdır”.
Bu barədə politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib. O qeyd edib ki, Naxçıvanı vurmaları üçün zərrə qədər də əsas olmadığı halda dron zərbəsi endirmələri Azərbaycana düşmənçilikdir: “Türkiyəyə bir gün öncə raket atdılar və dandılar ki, biz atmamışıq. İndi Naxçıvana dron zərbəsi endirmələrini də danacaqlar? Buna hansı yalanı uyduracaqlar? Bu, birbaşa İrandakı qəddar mühafizəkar sistemin anti-Azərbaycan siyasətinin davamıdır. Biz bunu kəskin pisləyirik. İran dərhal cavab verməlidir və məsələyə aydınlıq gətirməlidir”.
E.Şahinoğlu qeyd edib ki, Azərbaycanda, həmçinin Naxçıvanda ABŞ-nin hərbi bazası yoxdur ki, İran rejimi zərbə endirməyə bəhanə göstərsin:
“Naxçıvana dron zərbəsi Azərbaycan-İran münasibətlərinə endirilən dron zərbəsidir. Bu, illərlə İranda Azərbaycana qarşı aparılan təbliğatın da bir nəticəsidir. Azərbaycan dövləti də yəqin ki, buna sərt bəyanatla, diplomatik kanallarla sərt cavab verəcək”.
Etibar Seyidağa,
Musavat.com

