Heydər Əliyevin 1992-ci ildə İrana müraciəti: “Naxçıvana biganə qalmaq təəssüf doğurur”VİDEO
Mərhum prezident Heydər Əliyevin 1992-ci ilin may ayında İrana ünvanladığı tarixi müraciət yayılıb.
Musavat.com-un xəbərinə görə, Ulu Öndər həmin müraciətində bildirib ki, o vaxt 57 ölkə Ermənistanın Naxçıvana hərbi hücumunu rəsmi şəkildə pisləmiş, ciddi bəyanatlar vermişdi. Lakin qonşumuz olan İran bu məsələ ilə bağlı rəsmi münasibət bildirməyib.
“Mən üzümü din və qan qardaşımız müsəlmanlara, İran hökumətinin rəhbərlərinə tuturam və deyirəm ki, İranın yaxınlığındakı Naxçıvanda 5 gündə baş verən müharibəyə biganə qalmaq təəssüf doğurur və təccübləndirir”, – Heydər Əliyev deyib.
Qeyd edək ki, 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri Sədərək istiqamətində və demək olar ki, bütün sərhəd xətti boyunca Naxçıvan Muxtar Respublikasına hücum etmişdi. Bakıdakı ciddi siyasi böhrandan həvəslənən erməni tərəfi Naxçıvana hücumun ilk günündə Sədərəkdə bəzi mövqeləri ələ keçirərək hücumlarını davam etdirməyə çalışmışdı. Məqsəd Naxçıvanı Türkiyə ilə birləşdirəcək strateji məntəqəni nəzarətə götürmək idi. Naxçıvanı müdafiə edənlərdən 15-i şəhid olmuşdu, xeyli sayda yaralanan var idi.
O zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini icra edən Heydər Əliyevin ciddi siyasi, diplomatik fəaliyyəti nəticəsində vəziyyət stabilləşdirildi. Erməni təcavüzünə qarşı ciddi diplomatik savaş açıldı, dünya mediasının diqqəti Naxçıvana yönəldildi və bölgəyə qarşı məkrli planların qarşısı alındı. Ermənistan ilk dəfə diplomatik və təbliğat sahəsində 1992-ci ilin mayında Naxçıvanda Heydər Əliyevə məğlub oldu. Bir çox dövlət və beynəlxalq təşkilatlar Naxçıvana hücumları pislədi.
Meydanda isə Ulu Öndərin ilk dəfə Naxçıvanda əsasını qoyduğu milli silahlı qüvvələr mayın 18-də itirilmiş mövqeləri düşməndən geri aldı. Ermənistan ordusu ciddi itkilərlə üzləşdi, ən əsası isə Sədərək kimi strateji məkan – Türk dünyasının qapısı – Azərbaycan dövlətinin nəzarəti altında qaldı.
28 may 1992-ci ildə isə Türkiyənin baş naziri Süleyman Dəmirəl və Heydər Əliyevin iştirakı ilə Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü açıldı.

