Cəmiyyət 

Qədr gecəsi və mübahisə doğuran ayin: İlahiyyatçıdan açıqlama

Ramazan ayının ən müqəddəs və mənəvi baxımdan ən dəyərli gecələri hesab olunan Qədr gecələri müsəlman dünyasında xüsusi ehtiramla qarşılanır. İslam inancına görə, məhz bu gecələrin birində Qurani-Kərim nazil edilib və buna görə də möminlər bu gecələri ibadət, dua və tövbə ilə keçirməyə çalışırlar. Martın 8-dən 9-na keçən gecə isə bu ilin ilk Qədr gecəsi kimi qeyd olundu. Bir çox inanclılar həmin gecəni yatmadan keçirərək Qurani-Kərimdən ayələr oxuyur, dua edir və mənəvi təmizlənməyə çalışırlar.

Qədr gecələrində həyata keçirilən ibadət və dini mərasimlər sırasında xüsusi rituallar da yer alır. Onlardan biri də Qurani-Kərimin baş üzərinə qoyularaq müəyyən ayələrin və duaların oxunmasıdır. Bu ənənə bəzi möminlər tərəfindən dərin simvolik məna daşıyan dini mərasim kimi qəbul edilir. Digərləri isə bunu sadəcə ibadətin bir forması və ya əsrlərdir davam edən dini ayin kimi qiymətləndirir. İnanca görə, Qurani-Kərimin məhz Qədr gecələrinin birində nazil olması bu gecələrin və bu kimi ritualların müsəlmanlar üçün xüsusi əhəmiyyət kəsb etməsinə səbəb olur.

Bununla belə, son illər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ayin ətrafında fərqli fikirlər səsləndirilir. Bəziləri Quranı baş üzərinə qoyaraq edilən ibadəti mənəvi simvol kimi qəbul etsə də, digərləri bu mərasimi tənqid edir, hətta bəzən məsxərəyə qoyur. Bu isə inanclı insanlar arasında narazılıq doğurur. Onlar hesab edirlər ki, digər dinlərdə mövcud olan rituallar və dini ənənələr hörmətlə qarşılandığı halda, İslamla bağlı bəzi ibadət formalarının sosial mediada lağ obyektinə çevrilməsi düzgün deyil və cəmiyyətdə nifaq yarada bilər.

Mövzu ilə bağlı ilahiyyatçı Samid Quliyev Musavat.com-a bildirib ki, Quranı baş üzərinə qoymaq dini baxımdan məcburi bir əməl deyil və daha çox simvolik məna daşıyır. Onun sözlərinə görə, bu ritualla mömin sanki “İlahi, Sən bu kitabı bu gecə nazil etmisən və onun hökmləri mənim üçün ən uca yerdədir” mesajını ifadə edir. Lakin bu əməl vacib ibadət sayılmır və hər bir mömin onu öz inancına və yanaşmasına uyğun şəkildə dəyərləndirə bilər.

Qeyd edək ki, ikinci Qədr gecəsi martın 10-da, üçüncüsü 12, sonuncusu isə 16-da olacaq. Şəvval ayının 1-i (martın 20-si) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən martın 20, 21-i Azərbaycanda Ramazan bayramıdır.

Afaq Mirayiq,
Musavat.com

Daha çox xəbərlər