Kərə yağı bahalaşır: marketlərdə qiymətlər 3 manata qədər qalxdı
Yanvarın 1-dən etibarən Azərbaycanda kərə yağının idxal rüsumunun 5 faizdən 15 faizə qaldırılması bazarda qiymət artımı gözləntilərini gücləndirmişdi. Artıq bu proqnozlar özünü doğrultmağa başlayır. Son günlər marketlərdə kərə yağlarının qiymətlərində nəzərəçarpacaq bahalaşma müşahidə olunur.
Musavat.com-un əməkdaşı paytaxtdakı bir neçə marketə baş çəkərək vəziyyəti araşdırıb. Məlum olub ki, ötən həftədən etibarən bir sıra kərə yağlarının qiymətində artım qeydə alınıb. Qiymətlər əsasən 1 manat 50 qəpikdən başlayaraq 3 manata qədər yüksəlib. Ümumi artımın isə təxminən 10 faiz civarında olduğu bildirilir.
Market rəflərində aparılan müşahidələr göstərir ki, bahalaşma daha çox idxal olunan məhsullara təsir edib. Lakin yerli istehsal kimi təqdim olunan bəzi məhsullar da bu prosesdən tam kənarda qalmayıb.
Məsələn, yerli istehsal kimi təqdim edilən “Atena” kərə yağı hazırda 20 manat 65 qəpiyə satılır. Halbuki bir neçə ay əvvəl bu məhsul endirimlə 14 manat 99 qəpiyə təklif olunurdu. Hazırda isə endirimli qiymət belə 17 manat 99 qəpikdir.
Rusiya istehsalı olan “Doyaruşka” kərə yağı da bahalaşan məhsullar sırasındadır. Bu yağ bir neçə ay əvvəl 21 manat 99 qəpiyə satıldığı halda, hazırda qiyməti 23 manat 90 qəpiyə yüksəlib. Beləliklə, qısa müddətdə təxminən 2 manatlıq artım qeydə alınıb.
Yeni Zelandiya istehsalı olan “Anchor” kərə yağında da bahalaşma var. Ötən ilin oktyabrında 24 manat 90 qəpiyə satılan məhsul hazırda 25 manat 90 qəpiyə təklif edilir.
Marketlərdə diqqət çəkən məqamlardan biri isə bəzi məhsulların qiymətində nisbi ucuzlaşmanın olmasıdır. Məsələn, “Novaya Zemlya” markalı kərə yağı hazırda 18 manat 50 qəpiyə satılır ki, bu da əvvəlki qiymətlə müqayisədə təxminən 1 manat ucuzdur.
Finlandiya istehsalı olan “Valio” kərə yağı isə əksinə, ciddi bahalaşma nümayiş etdirib. Hazırda bu məhsul 30 manat 40 qəpiyə təklif olunur. Halbuki cəmi üç ay əvvəl eyni yağ 28 manat 95 qəpiyə satılırdı.
Ən ciddi bahalaşmalardan biri “Best Cow” kərə yağında qeydə alınıb. Hazırda bu məhsul 25 manat 22 qəpiyə satılır. Beş ay əvvəl isə qiyməti 20 manat 90 qəpik idi. Beləliklə, qısa müddətdə təxminən 3 manata yaxın artım baş verib.
“Korovuşka” markalı kərə yağları hazırda 22 manat 90 qəpiyə satılır. Yeni Zelandiya istehsalı olan “Mailand” kərə yağı isə 26 manat 50 qəpiyə təklif olunur. “French Cow” markalı yağın qiyməti isə 28 manat 95 qəpikdir və bu məhsulda cəmi 5 qəpik bahalaşma qeydə alınıb.
İran istehsalı olan məhsullar da ucuz sayılmır. Məsələn, “Zanossi” kərə yağı 18 manat 99 qəpiyə satılır. “Pegah” markalı yağ isə nisbətən ucuzdur və 16 manat 99 qəpiyə təklif olunur.
Belarus istehsalı olan “BelMas” kərə yağı da bahalaşan məhsullar sırasındadır. Əvvəllər 20 manat 90 qəpiyə satılan bu yağ hazırda 22 manat 90 qəpiyə təklif olunur.
Məsələ ilə bağlı Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Samir Eyyubov bildirir ki, Azərbaycanda yerli süd əsasında kərə yağı istehsalı faktiki olaraq çox aşağı səviyyədədir. Onun sözlərinə görə, rəsmi statistikada göstərilən “istehsal” rəqəmlərinin böyük hissəsi, əslində, idxal olunan qaymaqdan emal edilən və ya hazır şəkildə gətirilərək ölkə daxilində qablaşdırılan məhsullar hesabına formalaşır.
Eyyubov qeyd edir ki, buna görə də statistikada “yerli istehsal” kimi təqdim edilən göstəricilər real bazar mənzərəsini tam əks etdirmir. Onun sözlərinə görə, reallıqda kərə yağı bazarında idxaldan asılılıq 90 faizdən çoxdur.
Assosiasiya sədrinin sözlərinə görə, anbarlarda mövcud olan məhsulların demək olar ki, hamısı ya hazır şəkildə idxal olunmuş kərə yağlarıdır, ya da xaricdən gətirilən xammal əsasında ölkə daxilində emal edilən məhsullardır. Tam mənada yerli xammal əsasında istehsal olunan kərə yağı isə faktiki olaraq çox azdır.
Eyyubov əlavə edir ki, 2025-ci ilin ilk 9 ayının statistikasına görə, ölkəyə idxal olunan kərə yağının orta idxal qiyməti 2024-cü illə müqayisədə təxminən 18 faiz artıb. Bunun fonunda aylıq orta idxal həcmlərində də təxminən 11 faiz azalma qeydə alınıb.
Onun sözlərinə görə, əvvəllər Azərbaycanda emal olunan məhsulların bir hissəsi Rusiyaya ixrac edilirdi. Məsələn, 2024-cü ildə Rusiyaya təxminən 12 min ton kərə yağı göndərilmişdi. Lakin 2025-ci ilin ilk 9 ayının göstəricilərinə görə bu rəqəm cəmi 2 min 300 tona qədər azalıb.
Ekspert hesab edir ki, ixrac kanallarının daralması bazarda müəyyən balanssızlıq yaradıb və ehtiyatların artması görüntüsünü formalaşdırıb. Bununla belə, idxal qiymətlərinin yüksəlməsi və rüsumların artırılması daxili bazarda qiymətlərin artması tendensiyasını daha da gücləndirir.
Şahanə Rəhimli,
Musavat.com








