“Nəinki 15 günümüz, bütün həyatımız Azərbaycanımıza qurban olsun” – Azadlığa çıxan Müşfiq Abbasov DANIŞDI
Xəbər verildiyi kimi, tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov bu gün azadlığa çıxıb.
O, Musavat.com-a açıqlamasında bildirib ki, özünü təqsirli hesab etmir:
“Mənim heç bir statusumda və əməlimdə hər hansı bir inzibati pozuntu olmayıb. Ümumiyyətlə olmayıb, inzibati pozuntudan söhbət gedə bilməz və mənə verilən maddə ilə bağlı deyə bilərəm ki, heç vaxt özümü təqsirli hesab etməmişəm”.
Sabiq müstəntiq son müsahibəsində səsləndirdiyi fikirlərə görə ittiham olunması ilə bağlı deyilənlərə də aydınlıq gətirib:
“Konkret deyə bilmərəm hansı fikirimə görə kimsə göstəriş verib. Amma ümumi götürəndə bir neçə statusla bağlı mənə sual verdilər. Hansı ki, orada da hər hansı bir inzibati pozuntu yox idi. Ola bilər ki, kimisə tənqid edə bilərik. Mən yazıçıyam, yazıçının dilini kəsmək olmaz. Amma mən inzibati pozuntuya yol verməmişəm”.
Hüquqşünas “Coca-Cola”nın hazırlanması ilə bağlı paylaşdığı statusun həbsində rolundan da danışıb:
“O barədə mənə ümumiyyətlə sual verilmədi. Yəni bir əsasılığı yoxdur. Ümumiyyətlə, mən fikirlərimdə həmişə müstəqil olmuşam. Hətta mən azadlıqdan məhrum olanda və həbs olunanda da beynim və şüurum həmişə açıq olub. Qaldığımız yola davam edəcəyik.
Mən özümü hər zaman insanların yerinə qoymağa çalışmışam. İkincisi, bu, inzibati pozuntu cinayət təqibi demək deyil. Burada hər hansı bir cinayətdən söhbət gedə bilməz və bu hal məhkumluq yaratmır. Yəni bunun heç bir cinayət-hüquqi nəticəsi yoxdur.
Bu məsələdə mənim barəmdə inzibati pozuntu iddiası irəli sürülüb. Lakin hesab edirəm ki, bu da qanunsuzdur, çünki burada inzibati pozuntu belə yoxdur. Digər məsələlər barədə isə daha ətraflı şəkildə Facebook səhifəmdə yazacağam.
Yenə də qeyd etmək istəyirəm ki, biz hər zaman dövlətimizin, millətimizin və xalqımızın yanında olmuşuq. Nəinki 15 günümüz, bütün həyatımız belə Azərbaycanımıza qurban olsun”.
Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasova inzibati qaydada 15 sutka həbs verilmişdi. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinirdi. M.Abbasov məhkəmədə bildirib ki, ittiham olunduğu faktlardan biri Azərbaycan Yazıçılar Birliyi və Xalq yazıçısı Çingiz Abdullayevlə bağlı yazdığı statusdur. Onun ittiham olunduğu növbəti statusu “Epşteyn işi” ilə bağlı olub. Müşfiq Abbasov deyib ki, onun ittiham olunduğu statuslarından biri də İsa Həbibbəylinin “çətir tutan köməkçisi” ilə bağlı olub.

