Eldar tənqidlərə belə cavab verdi
“Dostlar, builki iştirak ilə bağlı müzakirələrdə adımın tez-tez çəkildiyini görürəm və qısa bir aydınlıq gətirmək istəyirəm. Mənim nümayəndə heyəti ilə əməkdaşlığım “Avroviziya 2025″ müsabiqəsindən sonra, müqaviləm bitdiyi üçün başa çatdı”.
Musavat.com xəbər verir ki, bu sözləri “Avroviziya” qalibimiz Eldar Qasımov sosial media hesabında yazıb.
O, “Avroviziya” ilə bağlı tənqidlərə belə cavab verib:
“Builki layihədə iştirak etmirəm. Keçmiş illərdə mən musiqi prodüserliyi istiqamətinə cavabdeh idim və seçilmiş mahnı üzərində yerli, beynəlxalq müəlliflər, studiyalarla işləyirdim. İfaçı və mahnı seçimi isə peşəkar münsiflər heyəti tərəfindən edilirdi.
“Avroviziya” çox mürəkkəb və komanda işi tələb edən bir prosesdir, nəticə bəzən çox xırda detallardan asılı olur. Ölkəmizi bu il təmsil edən Jivaya ürəkdən uğurlar arzulayıram. “Just go” mahnısını hamı kimi mən də dünən ilk dəfə dinlədim. Jivanın vokalı həqiqətən güclüdür.
Məncə, müəllifin ideyası mahnını retro üslubunda təqdim edib bir az nostalji ovqatı yaratmaqdır – dinləyəndə adamda “sanki haradansa tanışdır” hissi yaranır. Maraqlı gedişdir və bəlkə də yarımfinalda yenidən səs verən münsiflər heyətinin xoşuna gələr.
Qarşıda böyük iş var. Əsas məsələ isə bu yolda həm işləməyi, həm də prosesdən zövq almağı bacarmaqdır. Axı bu, “Avroviziya”dır”.

