Gündəm 

Deputat 1 milyon 600 min manatlıq heroinin ölkəyə gətirilməsi yollarından danışdı

Xəbər verildiyi kimi, Gəncə şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı külli miqdarda heroin aşkarlanıb.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 33 yaşlı Ədil Ədilov narkokuryerlikdə şübhəli bilindiyi üçün saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxsin əlində olan idman çantasına baxış keçirilərkən yüksək təsiredici xassəyə malik 27 kiloqram 475 qram narkotik vasitə – heroin aşkar edilərək götürülüb. Ədil Ədilov ifadəsində bildirib ki, narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə edib. O, həmin narkotikləri Gəncə şəhəri ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib.

Qeyd edək ki, saxlanılan şəxsdən götürülən heroinin “qara bazar”da dəyərinin təxminən 1 milyon 600 min manat olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ədil Ədilov barəsində həbs qətimkan tədbiri seçilib.

Deputat, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a deyib ki, İranda müharibə səbəbi ilə hər gün Ermənistana 2000-2500 nəfər qaçqın keçir:

“Regionda təhlükəli faktor miqrasiya axınlarıdır. Hər gün İran ərazisindən Ermənistan istiqamətinə minlərlə insan keçir. Bu axının bir hissəsi daha sonra Gürcüstan üzərindən regionun digər ölkələrinə, o cümlədən Azərbaycan ərazisinə daxil olur. Bu cür miqrasiya kanalları bəzən narkotik qaçaqmalçılığı üçün də istifadə edilə bilir. Nəticədə narkotik vasitələr fərdi kuryerlər vasitəsilə müxtəlif şəhərlərə paylanır. Gəncədə aşkarlanan 27 kiloqramdan artıq heroin faktı regionda fəaliyyət göstərən beynəlxalq narkotik şəbəkələrinin marşrutlarının Azərbaycandan keçdiyini bir daha təsdiqləyir”.

ARZU SON.jpg (42 KB)

Deputat vurğulayıb ki, regionda narkotik qaçaqmalçılığı yalnız quru sərhədləri ilə məhdudlaşmır, alternativ marşrutlar da mövcuddur:

“Əsas marşrut heroinin istehsal olunduğu Əfqanıstan ərazisindən başlayır və çox vaxt İran üzərindən region ölkələrinə yönəlir. Lakin son illərdə qaçaqmalçılar nəzarətdən yayınmaq üçün müxtəlif istiqamətlərdən istifadə edirlər. Bu marşrutlardan biri də Xəzər dənizi üzərindən keçən gizli daşınma yollarıdır. Narkotik vasitələr kiçik gəmilər, balıqçı qayıqları və ya yük daşımaları adı altında dəniz vasitəsilə region ölkələrinə gətirilə bilər. Daha sonra isə bu yüklər sahilyanı ərazilərdən ölkə daxilinə paylanır. Narkotik qaçaqmalçılığı ilə mübarizə quru sərhədləriylə yanaşı dəniz sərhədlərində aparılır. İranda baş verən hərbi-siyasi gərginliklər narkotik qaçaqmalçılığı üçün əlavə imkanlar yaradır. Xüsusilə də hazırda İran ətrafında yaranmış hərbi-siyasi vəziyyət qaçaqmalçılıq şəbəkələrinin fəaliyyətini asanlaşdıra bilər. Müharibə və xaos şəraiti sərhədlərə nəzarəti zəiflədir, bu isə narkotik tranzitinin artması riskini yüksəldir”.

Arzu Nağıyev bildirib ki, hüquq-mühafizə orqanlarının bu cür əməliyyatları həm daxili təhlükəsizliyin qorunması, həm də beynəlxalq narkotik tranzitinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Daha çox xəbərlər