İran kürdlərindən azərbaycanlılara ŞOK müraciət – REAKSİYA
İranda fəaliyyət göstərən bir sıra kürd qruplaşmaları ölkədəki mövcud hakimiyyətə qarşı bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, yayılan bəyanatda İranın hazırkı siyasi sisteminə qarşı çıxılaraq ölkədə siyasi quruluşun dəyişdirilməsinin vacibliyi vurğulanıb.
Qruplaşmalar bildiriblər ki, ölkədə demokratik idarəetmə sistemi qurulmalı, müxtəlif xalqların milli hüquqları tanınmalıdır. Bəyanatda Güney azərbaycanlılara da müraciət yer alıb.
Məlumat üçün qeyd edək ki, İranın qərb və şimal-qərb bölgələrində – xüsusilə Kürdüstan vilayəti, Qərbi Azərbaycan vilayəti və Kermanşah vilayəti ərazilərində müxtəlif qanunsuz kürd silahlı dəstələri fəaliyyət göstərir. Bu qrupların bir qismi Tehran hakimiyyəti tərəfindən terror təşkilatları kimi qiymətləndirilir və ölkədəki sabitliyə ciddi təhdid sayılır. Ən tanınmış qruplar sırasında Kürdüstan Azad Həyat Partiyası (PJAK) var. 2004-cü ildə yaradılan PJAK İranın kürd bölgələrində silahlı fəaliyyət göstərir. Təşkilat ideoloji və təşkilati baxımdan PKK ilə əlaqəlidir və Tehran onu terrorçu təşkilat kimi tanıyır.
İran Kürdüstan Demokrat Partiyası (KDPI) 1945-ci ildən fəaliyyət göstərir. Bu təşkilat İslam İnqilabından sonra Tehranla silahlı toqquşmalara girmiş, əsasən İraqın şimalındakı düşərgələrdən idarə olunur. Kürdüstan Azadlıq Partiyası (PAK) İran kürdlərinin hüquqları uğrunda mübarizə apardıqlarını iddia edən silahlı qruplaşmadır. Bəzi dövrlərdə İraqın şimalındakı kürd qüvvələri ilə əməkdaşlıq etdiyi bildirilir.
“Komala” adlı kürd qruplaşması Marksist ideologiyaya yaxın siyasi və silahlı qruplardan ibarət təşkilatdır. 1980-ci illərdə Tehranla silahlı qarşıdurmalarda iştirak edib. İran hakimiyyəti bu qrupların bir hissəsinin İraqın şimalındakı kürd muxtariyyət bölgələrindən İran ərazisinə qarşı fəaliyyət göstərdiyini bildirir. Tehran dəfələrlə həmin düşərgələrə qarşı hərbi əməliyyatlar həyata keçirib. Bəzi qrupların Türkiyədə fəaliyyət göstərən PKK strukturları ilə əlaqələri olduğu iddia edilir ki, bu da regional təhlükəsizliyi daha da mürəkkəbləşdirir.
Beləliklə, Tehran üçün bu silahlı dəstələr yalnız daxili sabitliyi pozan deyil, həm də regional təhlükəsizlik üçün ciddi təhdid mənbəyidir. Yayılan bəyanatda kürd qruplaşmaları azərbaycanlıları əməkdaşlığa və dialoqa çağıraraq, kürdlər və azərbaycanlıların birgə yaşadığı bölgələrdə ortaq yerli idarəetmə modelinin mümkünlüyünü qeyd ediblər. Azərbaycanlılar kürdlərin çağırışına dəstək verə bilərmi?

Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Kənan Rövşənoğlu Musavat.com-a deyib ki, bu bir neçə amilə görə praktiki olaraq mümkün deyil: “Birincisi, kürdlərin əsas hədəfi – onlar bunu gizlətmir – İranın şimal-qərbində, yəni konkret olaraq Qərbi Azərbaycan-Urmiya vilayətini də içərisinə alan bir ərazidə kürd dövləti və ya muxtariyyəti qurmaqdır. Son illər dərc olunan bütün “Kürdüstan” xəritələrində bu ərazilər özlərinə qatıblar. Bunu Cənubi Azərbaycanda çox yaxşı bilirlər. Urmiyada kürdlərin sayının atması artıq çoxdan ciddi narahatlıq doğurur.
Üstəlik, Şərqi Azərbaycan vilayətinə, xüsusən də Təbrizə kürd köçünün necə reaksiya doğurduğunu göstərən videolar bir neçə il əvvəl sosial şəbəkələrdə yayılıb. Yəni İran azərbayacanlıları bu ittifaqa getməsi, ən azı kütləvi şəkildə mümkün deyil. İkincisi, kürdlərin indiki şəraitdə məqsədi faktiki olaraq ABŞ və İsrailin İranı işğal planına xidmət etməsidir, başqa sözlə, Suriyada olduğu kimi, İranda da ABŞ-ın quru qüvvələri rolunu üzərilərinə almaqdır.
Hazırda İranda kütlənin böyük əksəriyyəti xarici müdaxiləyə qarşı birləşib. Belə bir şəraitdə separatçı kürd dəstələrinə qoşulub öz ölkəsini dağıtmağa kütləvi meyl olması real və inandırıcı deyil. Onu da nəzərə almaq lazımdır ki, kürdlərdən fərqli olaraq azərbaycanlılar özlərini İranda azlıq və ya kiçik etnik qrup qismində görmür. Onların gedib kürdlərin yanında yer alması real deyil. Tarixdə də belə təcrübə olmayıb”.
Siyasi şərhçi hesab edir ki, bunun əksi ola bilər: “Kürdlər gəlib azərbaycanlıların yanında yer ala bilər. Bu isə hələlik dediyim kimi yoxdur. Üçüncüsü, əsas kürd qrupları bilindiyi kimi, İrana qarşı quru əməliyyatına qoşulmaqdan imtina edib. Yəni, belə bir çağırış varsa da, real deyil, provokasiya ola bilər. Bu mənada Azərbaycan əhalisinin etik separatçı kürd silahlı dəstələrinə qoşularaq, hazırkı hakimiyyətə qarşı çıxacağı real sayılmır. Ən azı kütləvi şəkildə bu mümkün deyil”.
E.Məmmədəliyev,
Musavat.com

