Azərbaycanda süni yumurta satılır? – Bu yolla ayırmaq olar
Sosial şəbəkələrdə yumurtalarla bağlı yayılan görüntülər insanlar arasında narahatlığa səbəb olub.
Milli.Az xəbər verir ki, videolarda bəzi ölkələrdən yumurtaların süni şəkildə hazırlandığı iddia olunur. Kimyəvi maddələrlə sarısı və ağı formalaşdırılır, qabıq hissəsi isə xüsusi qəlibə salınır.
Bəs bu yumurtalardan ölkəmizdə də varmı?
Məsələ ilə bağlı qida təhlükəsizliyi üzrə ekspert Mütəllim Abdullazdə bildirib ki, belə məhsullar dünya üzrə kütləvi istehsal olunmur.
Onun sözlərinə əsasən, təbii yumurtanın süni şəkildə hazırlamaq həm çətindir, həm də baha başa gəlir:
“Bir çox hallarda belə yayılan videolar labarator eksperimentləri və ya sosial media sensasion video xarakteri daşıyır. Hazırda elmi və iqtisadi cəhətdən belə yumurtanın istehsalı və kütləvi satışı uyğun olmadığı üçün və adi yumurtanın istehsalı sünii yumurtadan ucuz başa gəldiyi üçün həmin məhsulun ölkəyə gətirilməsi və ya satışının həyata keçirilməsi yenə də düzgün hesab olunmur”.
Bəs təbii ilə süni yumurtanı necə fərqləndirə bilərik?
Ekspert qeyd edib ki, təbii yumurtanın rəngi daha ağ rəngə çalır. Süni yumurta isə daha şəffaf, parıltılı qabığa sahib olur. Həmçinin həmin yumurtanı bölərkən sarısı və ağı qarışmış halda da ola bilir.
Məsələ ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin rəhbəri Mürvət Həsənli bildirib ki, yumurtaya olan tələbat tam ödənilir. Ölkəyə yumurtanın idxalı demək olar ki, həyata keçirilmir. Bu səbəbdən bu iddiaların real olması mümkün deyil.

