Ailələrə müjdə -Uşaq sayına görə…
Azərbaycanda üç uşaqlı ailələrin də “çoxuşaqlı ailə” statusuna daxil edilməsi və onlara sosial dəstəyin artırılması, ölkədə demoqrafik göstəricilərin yaxşılaşdırılmasına yönəlmiş addım kimi qiymətləndirilə bilər. Bu təşəbbüs ailələrin maliyyə yükünü yüngülləşdirərək uşaqların təhsil, sağlamlıq və gündəlik ehtiyaclarının ödənilməsini asanlaşdıra bilər. Eyni zamanda, sosial dəstəyin genişləndirilməsi, xüsusilə orta və aşağı gəlirli ailələr üçün həyat səviyyəsinin yüksəlməsinə təsir göstərə, valideynlərin daha çox uşaq sahibi olmağa marağını artıra bilər.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, Azərbaycanda ümumiyyətlə müşahidə olunur ki, ailələrdə doğum göstəriciləri azalır və nəticədə əhali sayında müəyyən demoqrafik enişlər baş verir.
“Bu vəziyyətin əsas səbəblərindən biri çoxuşaqlı ailə modellərinin getdikcə azalmasıdır. Məsələn, ilbəil doğum sayında bəzi artımlar müşahidə olunsa da, ümumi göstəricilər hələ də aşağı səviyyədə qalır. Ölkəmizdə həm daxildə, həm də xaricdə yaşayan miqrantlar nəzərə alındıqda, ölkə daxilində əhali sayının sabit və artan xətlə getməsi daha yaxşı demoqrafik göstərici hesab olunur. Ənənəvi olaraq çoxuşaqlı ailə modeli əvvəlki illərlə və xüsusilə ötən əsrin sonları ilə müqayisədə dəyişib. Bu gün üç övladı olan ailələr “çoxuşaqlı” sayılmır; adətən çoxuşaqlı ailə anlayışı dörd və daha çox övladı olan ailələrə tətbiq olunur”.
Sosioloq bildirib ki, demoqrafik inkişaf və sosial stabillik baxımından, üç övladı olan ailələrin də çoxuşaqlı ailə statusuna daxil edilməsi faydalı olar.
“Belə addım həm bu ailələrin sosial dəstəyini artırar, həm də demoqrafik göstəricilərin sabitliyinə müsbət təsir göstərər. Bu gün bir çox ailələr yalnız bir və ya iki uşaq dünyaya gətirir. Bəzən ailələr qız övladı istədikləri üçün üçüncü uşağa malik olsalar da, sosial və iqtisadi vəziyyət buna imkan vermir və nəticədə ailələr əlavə uşaq dünyaya gətirməkdən imtina edirlər. Beləliklə, üçuşaqlı ailələrin çoxuşaqlı ailə kimi tanınması onların sosial rifahını artırmaqla yanaşı, ölkənin demoqrafik stabilliyi və davamlı inkişafına da mühüm töhfə verər”.

