33 il sonra Kəlbəcərdə İlaxır çərşənbə coşqusu – VİDEO, FOTO
Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan kəlbəcərlilər bu il Novruz bayramını uzun illərin həsrətindən sonra öz torpaqlarında qarşılayırlar. Musavat.com xəbər verir ki, 33 ildən sonra ilk dəfə Kəlbəcər şəhər sakinləri İlaxır çərşənbəni böyük coşqu ilə, bayram tonqalı ətrafında şənliklə qeyd ediblər. Kəlbəcərdə alovlanan bayram tonqalları həm sevincin, həm də qayıdışın rəmzinə çevrilib.
Bayram şənliyi çərçivəsində təşkil olunan tədbirdə milli adət-ənənələrimiz xüsusi coşqu ilə yaşadılıb.
Kəlbəcərlilər Novruzun ruhunu əks etdirən qədim oyun və rəqsləri nümayiş etdirərək bayrama xüsusi rəng qatıb. Tədbirin ən maraqlı məqamlarından biri isə qədim folklor nümunələrimizdən olan “Maral oyunu”nun təqdim edilməsi olub. Bu rəqs bayram şənliyində iştirak edən soydaşlarımız tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Bayram şənliyində Prezidentin Kəlbəcər rayonu üzrə Xüsusi Nümayəndəliyinin rəhbərliyi də iştirak edib və sakinləri təbrik eləyib.


