Azərbaycanın bu rayonunda “göydə” pomidor əkdilər – Video
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin istixanasında pomidorlar qeyri-adi üsulla yetişdirilir.
Mərkəzin fənn müəllimi Kəlbi İbrahimov jurnalistlərin mediaturu zamanı Musavat.com-a açıqlamasında bildirib ki, bu istixana smart tipə aiddir və burada yetişdirilən məhsullarda zərərli maddələr yoxdur. Onun sözlərinə görə, maraqlı məqam pomidorların torpaqda deyil, müəyyən hündürlükdə, xüsusi substratda yetişdirilməsidir:
“Torpaqda mövcud olan bütün qida maddələrindən istifadə edirik. Azot, fosfor, kalium, dəmir kimi elementləri xüsusi sistem vasitəsilə bitkilərə ötürürük. Digər mikroelementlər isə mərkəzi idarəetmə sistemi ilə şitillərin dibinə verilir. Əgər qabıqla pomidorun ətli hissəsi arasında ağ xətt yoxdursa, bu, gübrələmənin düzgün aparıldığını göstərir. Bizim pomidorlarda belə hal müşahidə olunmur”.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə isə jurnalistlərə açıqlamasında qeyd edib ki, istixananın sahəsi 600 kvadratmetrdir və burada bütün proseslər – aqrokimyəvi qulluqdan suvarmaya qədər – rəqəmsal smart texnologiyalar əsasında həyata keçirilir.
Onun sözlərinə görə, bu cür istixanalara və ixtisaslı işçi qüvvəsinə ehtiyac böyükdür:
“Bu səbəbdən kənd təsərrüfatı ixtisaslarında həm aqrotexniki qulluq, həm də müasir qapalı şəraitdə məhsul yetişdirmə bacarıqlarını tələbələrə öyrədirik. Nəticədə onlar əmək bazarına daha hazırlıqlı və təcrübəli şəkildə daxil olurlar”.
Şahanə Rəhimli

