Cəmiyyət 

Qohum evliliyi davam edir – Qanun niyə işləmir…

Azərbaycanda qohum evliliklərinə qoyulan qadağaya baxmayaraq, Ağcabədi rayonunun Avşar kəndində iki bacının övladlarının – xalaoğlu və xalaqızının evlənməsi barədə məlumat yayılıb. Bildirilir ki, toy mərasimi martın 27-də keçirilib. Yalnız bu deyil, ayrı-ayrı rayonlarda qohum evliliklərinin gizli şəkildə aparılması iddiaları var.

Qeyd edək ki, Azərbaycanda yaxın qohumlar, o cümlədən baba və nənələri ortaq olanlar arasında nikah qanunla qadağan olunub. Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minib. Qanunun qüvvəyə mindiyi müddətdən yuxarıda qeyd olunan qohumlar arasında nikahın bağlanması ilə bağlı qeydiyyat şöbələri tərəfindən rəsmi müraciət qəbul olunmur.

todaypress.tv | “Sevdiyimə görə valideynlərimi də silərəm!” - Qadağan  olunmuş qohum evliliyinə yeni “ÇARƏ” tapıldı - ARAŞDIRMA

Bəs bu qadağaya nə dərəcədə əməl edilir və belə halların qarşısını almaq üçün daha hansı tədbirlər görülməlidir?

Vəkil Ramil Süleymanov Musavat.com-a bildirib ki, hər hansı qanun qəbul edilərkən geniş ictimai müzakirələrdən keçməlidir.

“Bu müzakirələrə hüquqşünaslar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də ictimaiyyətin müxtəlif təbəqələri cəlb olunmalı, təqdim olunan mətnlə tanış olaraq öz rəy və təkliflərini bildirməlidirlər. Sözügedən dəyişikliklərin qəbul olunduğu prosesdə birbaşa iştirak etməmişəm. Lakin hüquqşünas olaraq müxtəlif çıxışlarımda və mətbuatda dərc olunan yazılarımda dəfələrlə vurğulamışam ki, qohumlar arasında rəsmi nikahın qadağan edilməsi müəyyən arzuolunmaz nəticələrə gətirib çıxara bilər”, – Süleymanov belə düşünür.

5 hərfli adında 3 səhv buraxanlar vəkil oldu” – İmtahan qalmaqalı məhkəmədə  davam edir

Onun fikrincə, qadağalar qeyri-rəsmi, yəni gizli birliklərin yaranmasına səbəb olacaq:

“Nəticədə hüquqi baxımdan qorunmayan münasibətlər formalaşacaq, qanundan kənar uşaqların doğulmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində xüsusilə qadınların hüquqlarının daha çox pozulmasına səbəb olacaq. Onsuz da mövcud şəraitdə rəsmi nikah pozulduqda belə qadınlar alimentin alınması, əmlak bölgüsü və digər hüquqların təmin olunması prosesində ciddi çətinliklərlə üzləşirlər. Qohum evliliklərinin qadağan olunması isə gizli evliliklərin həyata keçirilməsinə rəvac verdi. Dövlət buna müdaxilə edə bilmir. İnsanlar rəsmi nikah olmadan birgəyaşayışa üstünlük verir və bu, artıq hüquqi nəzarətdən kənarda qalan münasibətlərə gətirib çıxarır. Eyni vəziyyət digər şəxslər üçün də mövcuddur – yetkin insanlar rəsmi nikah olmadan birlikdə yaşaya bilirlər və bu, qanunla qadağan edilmir”.

Vəkil hesab edir ki, məsələyə daha balanslı yanaşma tələb olunur:

“Ya qanunvericilikdə bu cür evliliklərin təşviqi və təşkili ilə bağlı məsuliyyət tədbirləri konkret şəkildə müəyyən edilməli, ya da qanunvericiliyə düzəliş olunmalıdır. Məsələn, qohum evliliklərinə tam qadağa qoymaq əvəzinə, belə nikahların yalnız müəyyən şərtlərlə – tərəflərin öz hesablarına genetik müayinələrdən keçməsi və gələcəkdə doğulacaq uşaqların sağlamlığı ilə bağlı risklərin olmaması üçün analiz müayinələrin cavabı olduqdan sonra icazə verilməsi təşkil edilsin”.

Afaq Mirayiq,
Musavat.com

Daha çox xəbərlər