Qərbi Azərbaycan həqiqətləri…
Bu gün soydaşlarımızın Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpasına yönəlmiş ən mühüm strateji məqsədlərdən biridir. Bu ərazilər əsrlər boyu azərbaycanlıların qədim yurd yeri olmuş, burada zəngin mədəniyyətin, dövlətçilik ənənələrinin əsası qoyulmuşdur. Lakin tarix boyu baş vermiş zorakı deportasiyalar və etnik təmizləmələr nəticəsində azərbaycanlılar öz doğma yurdlarından məhrum edilmişlər. Ölkəmizin başçısı İlham Əliyev Qərbi Azərbaycana qayıdışı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın illərdir gözlədiyi bu prosesin həyata keçirilməsi üçün zəmin yaratmışdır. Dövlətimizin başçısı bu məsələnin həm daxili, həm də beynəlxalq səviyyədə həllini tapması üçün ardıcıl səylər göstərir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən inanıram ki, bizim bölgədə hər şey Azərbaycan xalqının xeyrinə dəyişəcək, xalqımız gələcəkdə mütləq və mütləq gedib öz gözəl Göyçə torpağını, doğma dağlarını, bulaqlarını, çaylarını, ata-babalarının qəbirlərini görəcəkdir. Mən buna heç şübhə etmirəm”.
Bu gün soydaşlarımızın öz əzəli torpaqlarına qayıtmaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Xalqımız əmindir ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Qərbi Azərbaycana sülh yolu qayıdış da reallaşacaqdır. Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib ki, gün gələcək soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi torpaqlarına böyük həvəs və çoşqu ilə qayıdacaqlar: “Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”.
Bu gün ölkəmizin başçısının milli maraqlara və beynəlxalq hüquqa söykənən siyasi kursu nəticəsində Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müstəsna işlər görülür. Qərbi Azərbaycan İcması istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda fəal lobbiçilik fəaliyyəti həyata keçirir, həqiqətləri olduğu kimi təqdim edir.
Bəli, biz qırx dörd günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək Qarabağa və Şərqi Zəngəzura qayıtdıq. Hazırda növbəti tarixi hədəfimiz əzəli torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışdır. Azərbaycan xalqı əmindir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi, uzaqgörən strategiyası, Zəfər diplomatiyası, uğurlu siyasəti sayəsində soydaşlarımız tezliklə öz doğma torpaqlarına qayıdacaqlar. Öz əzəli torpaqlarına qayıtmaq Qərbi azərbaycanlıların tarixi-mənəvi və insani haqqıdır.
Zahid Rza, “İki sahil”

