Bazarlardakı at əti – müsəlman yeyə bilərmi?
At ətinin haram olması barədə dini mənbələrdə konkret qadağa yoxdur, amma…
Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız, ümumi çəkisi 227 kq ət aşkarlanıb.
Məlumata görə, baxış zamanı məhsulun müvafiq müşayiətedici sənədləri və mənşəyi olmadığı, həmçinin at əti olduğu müəyyən edilib. At ətinin Biləsuvar kənd sakini Əzizov Məlik Sabir oğlu tərəfindən qanunsuz şəkildə kəsildiyi, Kərimli Əmrah İslam oğlu tərəfindən isə 10 XP 977 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobillə Bakı şəhərinə aparılması planlaşdırıldığı bildirilib. Yararsız ət saxlanmaya verilib, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Bəs at əti satışının qarşısının alınması üçün hansı tədbirlər görülməlidir? Alıcılar onu necə müəyyən edə bilər? At ətini müsəlman yeyə bilərmi?

Qida eksperti İlkin Şirinov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Ümumiyyətlə, ətin kəsilməsi, satışı və daşınması qanunla müəyyən olunur və mütləq şəkildə tənzimlənməlidir. İlk növbədə ətin mənşə sənədi, baytarlıq arayışı və satış üçün icazəsi olmalıdır. Eyni zamanda, daşınma üçün də müvafiq sənədlər tələb olunur və ətin hansı avtomobillə daşındığı, həmin nəqliyyat vasitəsinin dövlət nömrə nişanı da qeyd edilməlidir. Ətin satışı hansı qaydalara uyğun həyata keçirilirsə, daşınması zamanı da həmin qaydalara eyni şəkildə riayət olunmalıdır. Soyuducu sistemi olmayan nəqliyyat vasitələrində ətin daşınmasına qanunla icazə verilmir. Digər mühüm məsələ isə heyvanların rəsmi kəsim məntəqələrindən kənarda kəsilməsidir. Belə hallarda heyvanın hər hansı xəstəlik daşıyıcısı olub-olmaması müəyyənləşdirilməlidir. Bunun üçün mütləq laborator analizlər aparılmalı və yalnız nəticələr əsasında ətin satışa yararlı olub-olmaması müəyyən edilməlidir”.
At ətinə gəldikdə isə ekspert deyib ki, onu dana və ya mal ətindən fərqləndirən bir sıra spesifik xüsusiyyətlər var, ilk növbədə qoxusudur:
“At ətinə toxunduqdan bir müddət sonra əldən gələn qoxu müəyyən qədər balıq iyini xatırladır. Bu, atın bədənində olan spesifik maddələrlə bağlıdır. Rəng baxımından da fərqlər mövcuddur. At ətinin rəngi daha tünd qırmızı olur və hava ilə təmasdan sonra daha da tündləşir. Yağı isə sarı, hətta zəfəranı xatırladan rəngdə olur. Lifləri daha uzun olur və dadında digər ətlərə nisbətən yüngül şirinlik hiss edilir. Bu fərqlərin səbəbi heyvanların qidalanması ilə bağlıdır. Məsələn, mal-qara əsasən bordaq şəraitində kökəldilir, göy ot verilmir və quru yemlərlə qidalanır, arpadan kəpəkdən istifadə olunur, bu da ətin və yağın rənginə təsir edir. At ətinin yeyilməsi ilə bağlı isə qeyd etmək lazımdır ki, onun haram olması barədə dini mənbələrdə konkret qadağa yoxdur. Sadəcə olaraq, at daha çox minik vasitəsi kimi istifadə edildiyinə görə qida kimi istifadəsi geniş yayılmayıb. Bəzi ölkələrdə isə at kəsimi və istifadəsi mövcuddur. Ət satış məntəqələri həm hüquq-mühafizə orqanlarının, həm də qida təhlükəsizliyi qurumlarının ciddi nəzarətində olmalıdır. Heyvanlar yalnız rəsmi kəsim məntəqələrində kəsilməli, baytarlıq möhürü vurulmalı və bu möhür laborator analizlərin nəticəsinə əsaslanmalıdır.
Bəzən yalnız vizual baxışla ətin sağlam olduğu deyilsə də, bu kifayət deyil. Heyvanın daxili orqanlarında, xüsusilə qaraciyərini bəzən işbazlar təmizləyirlər, qida kimi bişirib istifadə edirlər. Belə hallarda həmin orqanların istifadəsi qəti şəkildə yolverilməzdir və insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Ətin növlərinə görə də fərqlər mövcuddur. Məsələn, dana əti daha yumşaq və açıq rəngli olur. İnək ətində isə sümük iliyi və yağ daha sarı rəngdə olur, ət isə daha bərk və lifli olur ki, bu da heyvanın yaşlı olması ilə bağlıdır. Alıcıların da bu məsələdə hüquqları var. Onlar ət aldıqları zaman satıcıdan ətin mənşə sənədini və baytarlıq arayışını tələb edə bilərlər. Hətta heyvanın harada kəsildiyi, hansı şəraitdə daşındığı barədə məlumat almaq hüququna malikdirlər. Ətin adi və ya uyğun olmayan nəqliyyat vasitələrində, digər məhsullarla birlikdə daşınması yolverilməzdir və qanunla qadağandır. Bu baxımdan, bütün mərhələlərdə — kəsimdən satışa qədər — müəyyən olunmuş qaydalara ciddi şəkildə riayət olunmalıdır”.

İlahiyyatçı Ağa Hacıbəyli də Musavat.com-a at ətinin halal olub-olmaması məsələsinə münasibət bildirib:
“At ətinin haram olması ilə bağlı Quranda ayə ilə rastlaşmarıq. Onun yeyilib-yeyilməməsi daha çox hədislərdə qarşımıza çıxır. O da haram kimi yox, məkruh tərəfləri qeyd edilir. Bəzi bölgələrdə at əti bizim qoyun ətinə tələbatımız kimidir. Yəni haram deyil, xoşlanılmayan ət deyirlər. Özəlliklə Orta Asiya ölkələrində çox sevilən bir qidadır. Həm südündən, həm də ətindən istifadə edirlər. At əti eşşək əti kimi deyil. Eşşək ətinin haram olması ilə bağlı konkret olaraq hədis var. Amma at əti ilə bağlı belə qəti fikir yoxdur”.

