Sosial 

Ölkədə uşaqlar “qeybə” çıxır – TƏHLÜKƏ

Azərbaycanda son illərdə uşaq sayı sürətlə azalır. Əvvəllər il ərzində təxminən 180 min uşaq doğulurdusa, indi bu rəqəm 60 minə qədər düşüb. Yəni təbii artım demək olar ki, 3 dəfə azalıb. Bu dəyişiklik artıq adi hal deyil və diqqətçəkən bir vəziyyətə çevrilib.

Uşaq sayının azalması gələcəkdə həm əhalinin, həm də işləyən insanların sayına təsir edə bilər.

Azərbaycanda 44 doğuşa 132 uşaq anadan olub

Azərbaycanda təbii artımın azalması ciddi demoqrafik problem yarada bilərmi?

Mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev Musavat.com-a danışıb.

Deputat deyib ki, dünya təcrübəsinə baxdıqda görürük ki, müxtəlif ölkələrdə, xüsusilə də Avropa ölkələrində uşaqların sayının azalması müşahidə olunur:

“Lakin onların problemi ilə Azərbaycanın vəziyyəti eyni deyil, fərqlidir. Biz uzun illər ərzində gənc nəslin artımı baxımından Avropa ölkələrindən öndə olmuşuq. Bu, ölkənin demoqrafik üstünlüklərindən biri kimi qiymətləndirilib. Amma son dövrlərdə vəziyyət dəyişməkdədir: həm doğulan uşaqların sayı azalır, həm də boşanmaların sayı artır. Artıq statistik olaraq demək olar ki, hər iki evlilikdən biri boşanma ilə nəticələnir. Bu isə cəmiyyət üçün ciddi həyəcan doğuran məqamdır. Məhz buna görə hesab edirəm ki, bu məsələyə vaxtında və kompleks şəkildə yanaşmaq vacibdir. Təbii ki, dövlətin müvafiq qurumları bu prosesi nəzarətdə saxlayır, mütəmadi olaraq analiz və təhlillər aparılır. Lakin bütün hallarda biz bu vəziyyəti bir “həyəcan siqnalı” kimi qəbul etməliyik və uşaqların sayının artırılması istiqamətində konkret addımlar atmalıyıq”.

Ermənistan sülh sazişi imzalamayacaq - Elşad Musayev

Millət vəkilinin fikrincə, bu problemin kökündə ilk növbədə iqtisadi və sosial amillər dayanır: 

“Ailələrin maddi vəziyyəti, sosial təminat məsələləri, həyat şəraiti kimi faktorlar birbaşa doğum qərarına təsir edir. Digər tərəfdən, cəmiyyətdə artıq “2 uşaq kifayətdir” kimi bir düşüncə formalaşıb və bu da çoxuşaqlı ailə modelinin zəifləməsinə gətirib çıxarır. Məhz buna görə çoxuşaqlı ailə anlayışına yenidən baxılmasına ehtiyac var. Hesab olunur ki, 5 uşaq meyarı 3 uşağa endirilməli və 3 uşaqdan başlayaraq ailələr çoxuşaqlı kimi qəbul edilməlidir. Bu, həm sosial dəstək mexanizmlərinin genişləndirilməsinə, həm də ailələrin stimullaşdırılmasına xidmət edə bilər. Ölkədə uşaqlara verilən müxtəlif müavinət növləri mövcuddur, lakin bütün hallarda bu sahədə stimullaşdırıcı tədbirlərin gücləndirilməsi vacibdir.

Unutmaq olmaz ki, doğum səviyyəsi təkcə sosial məsələ deyil, həm də ölkənin iqtisadi potensialının əsas göstəricilərindən biridir. Əhali artımı əmək bazarının, istehsalın və ümumi inkişafın mühüm amillərindən sayılır. Bu baxımdan hesab edirəm ki, dövlətin müvafiq orqanları yaxın gələcəkdə bu istiqamətdə daha sistemli və təsirli addımlar atacaq”.

Sosioloq Üzeyir Şəfiyev isə qeyd deyib ki, Nazirlər Kabinetinin hesabat xarakterli açıqlamalarında da demoqrafik ləngimənin artıq ciddi problem kimi qiymətləndirilməsi məsələnin nə qədər aktuallaşdığını bir daha göstərib:

“Rəsmi səviyyədə vurğulandı ki, əgər mövcud tendensiya bu şəkildə davam edərsə, yaxın perspektivdə təhsil sektorunda ciddi struktur dəyişiklikləri qaçılmaz olacaq. Hətta səsləndirilən ehtimallardan biri də odur ki, şagird sayının azalması nəticəsində təxminən 50 min müəllimin işsiz qalmaq riski yarana bilər. Bu fakt əslində təkcə təhsil sisteminə aid məsələ deyil, bu, demoqrafiyanın birbaşa əmək bazarına necə təsir etdiyini göstərən konkret siqnaldır. Çünki doğum səviyyəsinin azalması ilk növbədə məktəblərdə şagird sayının düşməsi ilə özünü göstərir, daha sonra isə bu proses əmək bazarına ötürülərək işçi qüvvəsinin strukturuna təsir edir. Rəqəmlərə nəzər saldıqda da vəziyyətin epizodik yox, artıq davamlı tendensiya xarakteri daşıdığı açıq görünür. Məsələn, 2022-ci ildə ölkədə təxminən 122 min uşaq doğulub, 2023-cü ildə bu rəqəm 112 minə enib, 2024-cü ildə isə azalma dinamikası davam edib. Bu göstəricilər onu deməyə əsas verir ki, doğum səviyyəsindəki eniş artıq təsadüfi deyil, sistemli və proqnozlaşdırılan bir prosesdir”.

Sosioloqun fikrincə, demoqrafik baxımdan bu cür davamlı azalma gələcəkdə daha dərin struktur problemlərinə yol aça bilər: 

“Bu proses demoqrafiyada əhali yaşlanması kimi tanınır və hazırda bir çox ölkənin üzləşdiyi əsas problemlərdən biridir. Azərbaycanda da bu risk getdikcə aktuallaşır. Belə ki, yeni doğulanların sayı azalır və ahıl əhalinin payı artır, bununla da ümumi yaş strukturu dəyişir. Nəticədə işləyən əhali azalır, pensiya yaşına çatmış insanların sayı isə artır. Bu isə dövlət üçün ciddi maliyyə yükü deməkdir. Sosial təminat sisteminin dayanıqlılığı sual altına düşə bilər”.

Rusiyadakı bir sorğunun ilginc nəticəsi - Azərbaycanla düşmənçiliyə davam?

Üzeyir Şəfiyev həmçinin vurğulayıb ki, demoqrafik ləngimə yalnız iqtisadi deyil, həm də strateji məsələlərə təsir göstərir:

“Belə ki, orta perspektivdə əmək bazarında işçi çatışmazlığı yarana, bəzi sahələrdə ixtisaslı kadr tapmaq çətinləşər,səfərbərlik potensialı zəifləyə bilər. Bu kontekstdə başqa bir risk də ortaya çıxır – miqrant axınının artması. Yəni təbii artımın zəiflədiyi şəraitdə ölkə mexaniki artım hesabına (xaricdən gələn əhali ilə) balansı qorumağa çalışa bilər. Bu isə həm sosial, həm də mədəni baxımdan yeni çağırışlar yarada bilər. Onu da qeyd edim ki, doğum səviyyəsinin azalması təkcə Azərbaycana xas deyil. Dünyanın bir çox ölkəsində bu tendensiya müşahidə olunur. Lakin fərq ondadır ki, bəzi ölkələr bu prosesi əvvəlcədən proqnozlaşdıraraq effektiv siyasət formalaşdıra bilib, digərləri isə gecikmiş reaksiya nəticəsində daha ciddi problemlərlə üzləşib”.

Sosioloq onu da vurğulayıb ki, əgər dövlət tərəfindən demoqrafik vəziyyət düzgün qiymətləndirilərsə və bu ləngimə kritik hədd kimi qəbul olunarsa, o zaman kompleks təşviq siyasətinin həyata keçirilməsi qaçılmaz olacaq: 

“Bu siyasət çərçivəsində bir sıra addımlar gözlənilir – uşaqlarla bağlı sosial müavinətlərin artırılması, gənc ailələrə maliyyə və mənzil dəstəyinin gücləndirilməsi, işləyən valideynlər üçün sosial təminatların genişləndirilməsi, çoxuşaqlı ailə statusu üçün meyarların yumşaldılması, məsələn, 5 uşaqdan 3 uşağa endirilməsi, çoxuşaqlı ailələrə verilən imtiyazların artırılması.
Bu cür alətlər dünya praktikasında geniş tətbiq olunur və müəyyən hallarda müsbət nəticələr verir”.

Xalidə Gəray
Musavat.com

Daha çox xəbərlər