Sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi əsas hədəflərdəndir – TƏHLİL
Dövlət siyasətinin mərkəzində vətəndaş amili və məmnunluğunun təmin edilməsi dayanır
Ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir, Dövlət proqramları qəbul edilir, müasir dövrün çağırışlarına uyğun olaraq sosial xidmət təkmilləşdirilir, vətəndaş məmnunluğu təmin olunur. Bütün bunlar öz növbəsində Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi nüfuz qazanmasında, həmçinin beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasında əhəmiyyətli rol oynayır. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq, dayanıqlı inkişafın təmin edilməsində iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının nə qədər mühüm rol oynadığını aydın şəkildə görə bilərik. 2003-cü ildən sonrakı dövr iqtisadiyyatın şaxələndirilməsi mərhələsi kimi xaraterizə olunur. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları həm neft-qaz sektorunda, həm də qeyri-neft sektorunda özünü aydın şəkildə nümayiş etdirir. Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan cənab İlham Əliyev regionların malik olduğu potensialodan səmərəli istifadəni təmin etmək üçün regional inkişaf proqramlarını təsdiqlədi və onun uğurlu nəticələri göz önündədir. Regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkəmizin dayanıqlı inkişafı təmin edilməklə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqətdə oldu. Belə ki, hər bir bölgənin malik olduğu iqtisadi potensial nəzərə alınaraq Dövlət proqramlarında qarşıdakı dövrün prioritetləri müəyyənləşdirildi və onlara yüksək səviyyədə nail olundu.

Ötən dövr ərzində imzalanan sənədlər sırasında “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nı, həmçinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı da qeyd edə bilərik. Bu sənədlər sosial xidmət sisteminin, o cümlədən qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsinə, sosial xidmətlərin təminatı üçün zəruri şəraitin yaradılmasına xidmət edir. Sənədlərdə əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi, sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi hədəf kimi nəzərdə tutulmuşdur. Bu sənədlərlə yanaşı, tarixi Zəfərimizin reallıqları fonunda təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də ölkəmizin gələcək inkişafının aydın mənzərəsini yaradır. Mövcud imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə əsas verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçib. Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf yolunun əsasıdır. Milli Priolritetlərdə vurğulandığı kimi, dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcək. Bu məqsədlərin reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılmasını, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli “hərəkətverici qüvvələri”nin möhkəmləndirilməsini ‒ insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndirilməsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir.
Bu məqamı xüsusi qeyd etməliyik ki, uğurlu sosial-iqtisadi siyasət, Dövlət proqramlarının, İnkişaf Strategiyasının ardıcıl şəkildə icrası ölkəmizdə işsizlik probleminin həllini, yoxsulluq səviyyəsinin minimuma enməsini təmin edir. Əgər 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz idisə, artıq bu rəqəm 5 faizə enib. Azərbaycan bu sahədə müsbət təcrübəsinə görə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair məsləhətləşmələrin aparılması üçün ölkələr sırasına daxil edildi. Söhbət insanlara diqqət və qayğıdan, sosial dövlət anlayışından gedirsə, cəmiyyətdə sosial ədalətə söykənən münasibətlərin formalaşdırılması, hər bir vətəndaşa bərabər imkanların yaradılması, göstərilən xidmətlərin hər kəsə əlçatan və rahat olması əsasdır ki, bu sahədə də Azərbaycan nümunə göstərilir. Azərbaycanın sosial dövlət kimi nüfuz qazanması həyata keçirilən uğurlu siyasətin göstəricisidir. Dövlətimizin inkişaf strategiyasını düzgün müəyyənləşdirməsi, ədalət prinsipinin qorunması gəlirlərin insanlar arasında bərabər bölünməsində öz sözünü deyir. Hansı ki, daim vurğuladığımız kimi, Azərbaycandan daha zəngin neft ölkələri var. Bu resurs onlara heç də uğur gətirmiyib. Əhali arasında təbəqələşmə prosesi sürətli hal alıb. Azərbaycanın öz inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsi bu kimi problemləri yaşamamasını təmin edir. Neft gəlirlərinin ədalət prinsipi əsasında bölgüsü insan amilinin dövlət siyasətində əsas olduğunu təsdiqləyir. Ümumilikdə vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması əsas prioritetlər sırasındadır. Son illərdə 5 sosial paketin uğurlu icrası bunun bariz nümunəsidir. Maaşların, pensiyaların, təqaüdlərin artırılması, sosial layihələrin uğurlu icrası, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi mühüm addımlar təkmil iqtisadi və sosial islahatlara söykənir. 2003-cü ildən ötən dövrdə əməkhaqları, pensiya və digər sosial ödənişlərin mütəmadı olaraq artırılması, yeni iş yerlərinin açılması məşğulluq imkanlarının, əhalinin gəlirlərinin ilbəil artması təmin edilib. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 2026-cı ilin yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 22 milyard 359,1 milyon manat və ya hər nəfərə ayda orta hesabla 726 manat olub.

Sosial proqramların ildən-ilə daha da genişləndiyi diqqətdən kənarda qalmır. İqtisadi inkişaf bütün sahələrdə uğurlara yol açır. Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır. Ölkə iqtisadiyyatına bu günədək 350 milyard dollar investisiya qoyulub ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini qoruyan və investisiya yatıran ölkə kimi tanınır. Dövlət başçısı İlham Əliyev çıxışlarında, keçirdiyi görüşlərdə Azərbaycanın iqtisadi uğurlarından bəhs edərkən ölkəmizdə normal biznes mühitinin mövcudluğunu xüsusi qeyd edir.
Azərbaycanın valyuta ehtiyatları iqtisadi və siyasi müstəqillimizin təminatıdır. Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il aprelin 1-nə olan məlumata görə, 85 milyard 151 milyon dollara çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz çoxdur. Bu barədə məlumatlar Mərkəzi Bankın “Maliyyə Sabitliyi Hesabatı”nda öz əksini tapıb.
Qeyd edək ki, 2003-cü ildə 1,8 milyard dollar olan valyuta ehtiyatlarımız hazırda 85 milyard dollardan artıqdır. Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarına görə MDB məkanında birinci yerdədir.
Beş əsas hədəfi özündə əks etdirən Milli Prioritetlərdə bu çağırış xüsusi vurğulanır ki, iqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir. İqtisadi artımın davamlı olması, milli iqtisadiyyatın dərin şaxələnməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr” tapılmalıdır. Neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməlidir.
Qeyd etdiyimiz kimi, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Dövlət başçısı İlham Əliyevin hər bir bölgəyə səfəri mühüm sosial obyektlərin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yada qalır. Son beş ildən artıq dövrün əsas hədəfi işğaldan azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı olsa da digər bölgələrin də inkişafı dövlət başçısı İlham Əliyevin diqqətindən kənarda qalmır. Bunu həm ölkə Prezidentinin regionlara davamlı səfərləri, həm də bu rayonlarda sosial-iqtisadi inkişafı sürətləndirmək məqsədilə əlavə Tədbirlər Planının təsdiqlənməsi nümayiş etdirir.
Günümüzün reallıqları bir daha təsdiqləyir ki, Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Güclü iqtisadiyyatın yaradılması sosial məsələlərin həlli istiqamətində addımların davamlılığını təmin edir. Bütün bu addımlar təsdiqləyir ki, dövlət siyasətinin mərkəzində vətəndaş amili və məmnunluğunun təmin edilməsi dayanır. Bu yanaşma sosial-iqtisadi islahatlar, şəffaf idarəetmə və vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi vasitəsilə həyata keçirilir. Azad edilmiş ərazilərimizdə bərpa işlərinə diqqət yetirdikdə də görürük ki, əhalinin yaşayış şəraitinin daha da yaxşılaşdırılması, rahatlığının təmin edilməsi əsas diqqət göstərilən məsələlər sırasındadır. Sosial xidmət sahəsində aparılan təkmilləşmə bunun bariz nümunəsidir. “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı” da bilavasitə sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, effektivliyinin artırılmasına xidmət edir.
Yeganə Əliyeva, “İki sahil”

