Sayt yaradan kim, qızla tanış olan kim, yuxuya gedən isə… Məşhur kitabxanada KİTAB kimi gün – REPORTAJ
Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında bəlkə də 20 il əvvəl qrup yoldaşlarımızla olmuşduq. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri kimi kurs işi, diplom işi hazırlayarkən günümüz kitabxanada keçirdi. Kitabları, qəzetləri oxumadan, araşdırmadan bir addım belə ata bilməzdik. Saatlarla köhnə “qəzet podşivka”larının içində itib-batardıq. O zaman nə sosial media var idi, nə də indiki kimi informasiya bolluğu. Yeganə mənbə kitablar və qəzet nəşrləri idi. Kitabxanalar o dövrdə az qala məbədgah idi. Ən nüfuzlu insanlar – akademiklər, elm adamları – üz tutardı bura. Kitabın hörməti vardı. Zaman keçdikcə isə kitab da, kitabxana da kölgədə qaldı, qısacası, “dəbdən düşdü”.
Uzun illər sonra, bu dəfə Musavat.com əməkdaşı kimi yenidən kitabxananın qapısından içəri daxil olmaq qəribə bir nostalji hiss oyatdı. Adamı ilk addımdaca tanış bir ab-hava qarşılayır. Sanki zaman burada bir az ləngiyib. Çox köhnəlməyib, amma tam yenilənmiş də sayılmaz. Elə bu “dəyişməzlik” onun cazibəsidir bəlkə də.

İçəri girən kimi sağ tərəfdə qarderob… və illərin yaddaşı kimi orada dayanan Almaz xanım. Üzümə baxıb “tanış gəlirsiniz” dedi. Bu sadə cümlədə necə doğmalıq, necə səmimiyyət vardı. Əvvəlki kimi gülərüz, əvvəlki kimi mehriban… Zaman üzündə cizgilər qoysa da, ruhunu dəyişməyib. Bəlkə də kitab kimi qadındır – kimlər gəlib, kimlər keçib bu qapıdan…
Qeydiyyat üçün yaxınlaşırıq. Gülərüz xanımlar bir neçə dəqiqəyə işi həll edib bizi oxu zallarına yönləndirirlər. Oxu zalına daxil olar-olmaz isə xeyli gənclə qarşılaşırıq. Aralarında kitab oxuyanı kim, telefonla oynayan kim, başını qoyub dərin yuxuya gedən kim…

Zalda ilk həmsöhbətimiz də gənc bir müəllim olur:
“Riyaziyyat müəllimiyəm. Üç ildir mütəmadi gəlirəm bura. İndi Con Steynbekin “Siçanlar və insanlar” əsərini oxuyuram. 24 yaşım var, həftədə bir dəfə mütləq gəlirəm”.
Bir qədər aralıda kompüter arxasında əyləşən başqa bir gəncə yaxınlaşırıq. Düşünürük ki, elektron kitab oxuyur. Amma cavabı fərqli olur:
“Mən bura kitab oxumağa gəlmirəm. Sayt hazırlayıram, kod yazıram. Sadəcə sakit mühit lazımdır, burada işləmək rahatdır”.

Bir az irəlidə oturan orta yaşlı xanım da kitabxanaya başqa səbəbdən üz tutduğunu deyir:
“Mən əsasən Azərbaycan klassiklərini oxuyuram. Burada rahatlıq tapıram. Evdən, problemlərdən uzaqlaşıram. Heç nə haqqında düşünmürəm…”
Zalın yuxarı başında biblioqraflar oturub, yaxınlaşıb onlarla da həmsöhbət oluruq. 2000-ci ildən burada çalışan Rəna Orucəliyeva deyir ki, kitabxana heç vaxt oxucusuz qalmır:
“Oxucularla işləmək həmişə maraqlıdır. Bizdə hər cür şərait var – səsli, səssiz zallar, müzakirə otaqları. Gənclər üçün xüsusi imkanlar yaradılıb. Əsasən tələbələr gəlir, amma ümumiyyətlə, elə bir gün olmur ki, oxucu olmasın. Qapımız həmişə açıqdır”.

Gülümsəyərək əlavə edir:
“Sevgililər də gəlir, burada tanış olub ailə quranlar da var. Tələbələr qrup halında səhərdən axşama qədər qalırlar. Oxuyurlar, işləyirlər… Belə də olmalıdır, cavandırlar”.
O əlavə edir ki, kitabxananın müxtəlif şöbələri – diyarşünaslıq, ölkəşünaslıq, humanitar zallar, resurs bölmələri – hər kəsə öz marağına uyğun məkan təqdim edir.

Digər biblioqraf Tərlanə Yaqubqızı da söhbətə qoşulur və Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələri bölüşür:
“Onun Azərbaycan Milli Kitabxanasına dörd dəfə gəlişi, öz şəxsi kitabxanasından 300 kitabı fondumuza bağışlaması elmə, mədəniyyətə verdiyi yüksək qiymətin göstəricisi idi. Çox təəssüf ki, o vaxt mən milli kitabxanada çalışmamışam. Amma qocaman əməkdaşlarımız o günü toy-bayram kimi xatırlayırlar, çünki uzaqdan-uzağa sevdikləri şəxsiyyəti iş yerində üzbəüz görmək böyük xoşbəxtlik idi. O, kitabxanamızın ən əziz, ən unudulmaz qonağı idi”.
Söhbətin ardınca qəzet zalına düşürük. Birinci mərtəbədə yerləşən bu zal mənim üçün xüsusi bir məkandır. Burada da oxucular az deyil. Köhnə qəzetlərin qoxusu, saralmış səhifələr… insanı illər öncəyə aparır.

“Yeni Müsavat”ın köhnə saylarını istəyirik. Biblioqraf bildirir ki, 1992-ci ildən bəri bütün nömrələr mövcuddur:
“Biz əksər qəzet və jurnallara abunəyik. Oxucular həm çap, həm də elektron versiyadan istifadə edə bilər”.


Qəzet səhifələrini vərəqlədikcə – bu qoxu, bu sükut, bu səhifələrin xışıltısı insanı necə dəyişir. Sanki yenidən tələbə olursan. Yenidən o günlərə qayıdırsan – vaxtın necə keçdiyini hiss etmədiyin, kitabların arasında itdiyin günlərə… Düzdür, bu gün kitabxanadan müxtəlif məqsədlər üçün istifadə edənlər var – kimisi oxumağa, kimisi işləməyə, kimisi sadəcə sakitlik tapmağa gəlir. Amma dəyişməyən bir həqiqət var: bu məkan hələ də insanları özünə çəkir.
Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com







