Bazarda kilosu 75-80 manata satılan təhlükə – Reportaj, FOTOLAR
Aprel ayının əvvəlindən etibarən bazarlarda mövsümü olmayan meyvələrin satışa çıxarılması diqqət çəkir. Adətən bu cür meyvələr aprelin sonu, may ayının əvvəllərində satışa təqdim olunsa da, bu il onların daha tez bazara çıxarılması müşahidə olunur. Söhbət əsasən çiyələk və alçadan gedir.
Musavat.com olaraq “8-ci kilometr” bazarında satışa çıxarılan bu meyvələrin qiyməti ilə maraqlandıq.
Məlum oldu ki, alçanın 5-6 ədədi 6-7 manata təklif olunur, kilosu isə 75-80 manat arasında dəyişir. Çiyələyin qiyməti isə 4-5 manatdan başlayır. Hətta bəzi satıcılarda bu meyvənin 3 manat 50 qəpiyə satıldığı da müşahidə olunur.
Satıcılarla söhbət zamanı bildirildi ki, ötən illə müqayisədə bu il alıcıların marağı daha çoxdur, xüsusilə də çiyələyə tələbat yüksəkdir:
“Alan var, gün ərzində demək olar ki, məhsullarımızı tam sata bilirik. Qiymət uyğun olduğu üçün istəyənlər almağa çalışır”.

Qeyd etdiyimiz kimi, müşahidə etdiyimiz alçanın kilosunun ən aşağı qiyməti 75 manatdan başlayır. Baxmayaraq ki, qiymətlər kifayət qədər “od qiymətinə”dir, yenə də qramla alanlar və qiymətlə maraqlananlar az deyil.
Alıcılar isə bildirirlər ki, əsasən uşaqların istəyi ilə bu meyvələri almağa məcbur qalırlar:
“Uşaq görür, istəyir, məcbur olub alırıq. Amma çalışırıq az alaq. Çünki hamısının parnikdə yetişdirildiyini bilirik”.
Mütəxəssislər isə mövsümündən əvvəl bazara çıxarılan bu cür meyvələrin sağlamlıq baxımından risk daşıya biləcəyini qeyd edir və vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edirlər.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a danışıb. Mütəxəssis qeyd edib ki, xüsusən mövsümü olmayan çiyələk təhlükəlidir:
“7 il öncə cənub zonasında bir çiyələk plantasiyasına getmişdim. Orada çiyələk yetişdirilməsi üçün ayrıca saxlanılan, onun tez böyüməsini təmin etmək, zərərvericilərdən qorumaq və daha yaxşı görünüş əldə etmək məqsədilə istifadə olunan 36 növ kimyəvi preparat gördüm. Əlbəttə ki, bu kimyəvi dərmanların içərisində insan orqanizmi üçün zərərli olan pestisidlər də az deyildi. Yəni zərərvericilərə qarşı mübarizə üçün istifadə olunan kimyəvi vasitələrdən söhbət gedir.

Bir sözlə, çiyələk növləri elə dəyişib ki, artıq bu dərmanların təsiri altında böyüyürlər. Meyvəni kəsəndə içində tum olmur və ümumiyyətlə, çiyələyi bıçaqla kəsmək belə qəribə görünür. Biz isə görürük ki, bu cür çiyələklər artıq neçə ildir Azərbaycanda satılır.
Bizdə olan məlumatlara görə, çiyələyin bu növləri İsraildən gətirilir və Azərbaycanda yetişdirilir. Məlumdur ki, İsraildə genetik modifikasiya olunmuş bitkiçilik geniş yayılıb. Azad İstehlakçılar Birliyi də güman edir ki, bu məhsullar həmin növ çiyələklərdəndir. Lakin bunun dəqiq təsdiqi üçün laborator analizlər aparılmalıdır.
Eləcə də digər kənd təsərrüfatı məhsulları ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi malların təhlükəsizliyinə təminat verir və onları yoxlayır. Yaxşı haldır ki, satışdan öncə məhsullar mütləq şəkildə müvafiq yoxlamalardan keçirilir. Lakin bu yoxlamaların nə dərəcədə şəffaf olduğu barədə tam məlumat yoxdur. İllər əvvəl bu sahədə laboratoriya imkanları zəif idi, son illərdə isə yeni laboratoriyalar yaradılır və bu, müsbət hal kimi qiymətləndirilməlidir.
Beləliklə, qeyd etdiyim kimi, kənd təsərrüfatı məhsullarının yetişdirilməsində kimyəvi preparatlardan istifadə olunur. Əlbəttə ki, bu preparatların istifadəsi üçün müəyyən normativlər mövcuddur və Qida Təhlükəsizliyi Agentliyi həmin normalara nəzarət edir.
Lakin burada bir vacib məqam var: biz heç bir ədəbiyyatda tapa bilmirik ki, konkret olaraq bu normanın keçməməsi üçün həmin meyvədən nə qədər yemək olar. Məsələn, hər kiloqramda müəyyən milliqram norma ola bilər, amma heç bir mənbədə göstərilmir ki, insan bu meyvədən nə qədər yedikdə o norma keçilir və zəhərlənmə riski yaranır. Təəssüf ki, bu barədə aydın məlumat yoxdur.
Ona görə də Azərbaycanda yetişdirilən və ya idxal olunan tərəvəz və meyvələri istehlak edərkən mümkün qədər ehtiyatlı olmaq tövsiyə olunur. Xüsusilə istixanalarda yetişdirilən meyvə və tərəvəzlər ilboyu müəyyən kimyəvi təsirlərə məruz qala bilər. Bu, təkcə istixana məhsullarına deyil, mövsümi açıq sahə məhsullarına da aiddir.
Bir sözlə, mümkün qədər balanslı və ölçülü istehlak etmək vacibdir. Əgər şübhəli bir hal müşahidə olunarsa, 1003 qaynar xəttinə zəng edərək Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermək tövsiyə olunur”.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

