Xəzərdə növbəti suiti ölümü: 97 cəsəd tapıldı – VİDEO
Xəzər dənizinin Qazaxıstan sahillərində suitilərin kütləvi ölümü qeydə alınıb. Sahilə çıxarılan 97 suiti cəsədinin hansı səbəbdən tələf olduğu hələlik məlum deyil.
Musavat.com xəbər verir ki, bu barədə AzTV-nin videomaterialında bildirilib.
Yerli medianın məlumatına görə, məməlilər bir müddət əvvəl tələf olublar, lakin qərb küləyi onları sahilə indi çıxarıb. Hazırda ərazidə monitorinq işləri davam etdirilir. Xatırladaq ki, 2025-ci ildə də Qazaxıstanın Xəzər sahili boyunca 400-dən çox ölü suiti tapılmışdı.
Mütəxəssislər suiti ölümünün bir neçə mümkün səbəbini araşdırırlar:
Bioloji amillər: Pnevmoniya və ya infeksion xəstəliklər.
Seysmik təsirlər: Zəlzələ zamanı Xəzərin dibindən ayrılan metan qazının dəniz ekosisteminə təsiri.
Antropogen amillər: Neft hasilatı prosesləri, sənaye çirklənməsi, eləcə də qanunsuz balıqçılıq (brakonyerlik) fəaliyyəti.
Mütəxəssislər, əsasən, bioloji amilləri daha real səbəb hesab edirlər. Qeyd edək ki, Xəzərin Qazaxıstan sektorunda hazırda təxminən 270 min suiti yaşayır və 100-ə yaxın fərdin tələf olması kritik hədd hesab olunmur.
Hazırda Qazaxıstanın aidiyyəti qurumlarından ibarət idarələrarası komissiya məsələni araşdırır. Rəsmi nəticələr laboratoriya analizlərindən sonra açıqlanacaq.

