Tərbiyə məqsədilə uşağı döyənlər cərimə olunacaq
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə “İCMAL” informasiya sistemi ilə bağlı dəyişikliyi, xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulmasına, uşaqlara qarşı zorakılıq və dilənçilik hallarına, o cümlədən süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına görə cərimələrin əlavə edilməsini son oxunuşda qəbul edib.
“İki sahil” xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, “İCMAL” informasiya sistemi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin tərkibində “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsistemi, yəni “İCMAL” altsistemi kimi yenidən təşkil edilir və buna uyğun olaraq Məcəllənin müvafiq maddələrində dəyişikliklər edilir. Bu transformasiya inzibati cərimələr üzrə daxilolmalara dair məlumatların təhlili və həmin məlumatların düzgünlüyünə nəzarət funksiyalarının vahid dövlət maliyyə platformasına inteqrasiyasını təmin edir.
“İCMAL” altsistemi İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların (qurumların) hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyünə nəzarətin həyata keçirilməsini təmin edir.
Həmçinin, layihədə inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı müəyyən təkmilləşdirmələr nəzərdə tutulur.
Layihəyə əsasən, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bilavasitə aşkar edilən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi yolu ilə rəsmi qaydada verilir.
Bundan başqa, layihədə təklif olunur ki, qanunla nəzərdə tutulmuş əməllə təmsil edilən şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçısı ola bilməsin.
Layihədə İnzibati Xətalar Məcəlləsinə bir neçə yeni maddənin əlavə olunması nəzərdə tutulur.
Sənədə görə, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə 200 manat məbləğində cərimə olunacaq.
Bundan başqa, dəyişikliyə əsasən, uşaqda zorakılıq əlamətlərinin aşkar edilməsi barədə məlumat verilmədikdə cərimə tətbiq olunacaq.

