Azərbaycanda havaların soyuq keçməsinin SƏBƏBİ AÇIQLANDI
Azərbaycanda aprelin son günləri yazdan çox payızı, bəzi bölgələrdə isə hətta qışı xatırladır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaz fəslinin bir ayı tamam olan gün də ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, ayrı-ayrı yerlərdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağıb.
Qar örtüyünün hündürlüyü Şahdağda 87, Kəlbəcərdə 4, Laçında 2, Qrız, Xınalıq, Qusar (Laza), Zaqatalada (Əlibəy) 1 sm-dir.
Bəs bu adi hava dəyişkənliyidir, yoxsa iqlim anomaliyasıdır?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan meteoroloq Cavid Hüseynov bildirib ki, Azərbaycanda müşahidə olunan qeyri-sabit hava meridional axınlar və Aralıq dənizi siklonları ilə bağlıdır:
“Hava şəraitinin qeyri-sabit keçməsi bir neçə meteoroloji və iqlim amili ilə bağlıdır. Hazırkı vəziyyət, əsasən, meridional hava axınları və Aralıq dənizi siklonlarının regiona müdaxiləsi nəticəsində yaranıb.
Aprel ayı keçid dövrü olduğu üçün müxtəlif temperatur göstəricilərinə malik hava kütlələrinin ölkə ərazisində tez-tez toqquşması atmosfer cəbhələrinin yaranmasına, bu isə öz növbəsində intensiv yağışlara, şimşək çaxmasına və bəzi hallarda doluya səbəb olur. Şərq rayonlarında yağıntıların daha güclü olması çox vaxt Xəzər dənizi üzərindən gələn rütubətli hava kütlələrinin qurudakı soyuq hava ilə birləşməsi ilə izah olunur. Eyni zamanda, ölkənin mürəkkəb oroqrafik quruluşu və dağlıq relyefi hava kütlələrinin hərəkətinə təsir göstərərək, xüsusilə Böyük və Kiçik Qafqazın ətəklərində yağıntıların intensivləşməsinə gətirib çıxarır”.
Meteoroloqun sözlərinə görə, aparılan tədqiqatlar və müşahidə edilən təbii proseslərin gedişi onu göstərir ki, müasir iqlim dəyişmələri özünü zaman və məkandan asılı olaraq müxtəlif formalarda biruzə verir:

“İqlim dəyişmələrinin fəsadlarından biri də fəsillər arasındakı keçid dövrlərinin (yaz və payız) qısalmasıdır. Artıq yaz fəsli tədricən istiləşmək əvəzinə, kəskin temperatur sıçrayışları (məsələn, bir gün +25°C, növbəti gün +8°C) ilə müşayiət olunur ki, bu da yağıntıların paylanmasını qeyri-müntəzəm edərək ekstremal hava hadisələrinin tezliyini artırır”.
O deyib ki, dağlıq ərazilərdə soyuyan rütubətli hava yağıntını qara çevirir:
“Aprel ayında qar yağmasının əsas səbəbi şimal qütbündən gələn soyuq hava kütlələrinin (Arktika cəbhəsi) heç bir maneəyə rast gəlmədən cənub enliklərinə daxil olmasıdır. Normalda bu soyuq hava axınlarının qarşısını kəsən “Qərb axınları” iqlim dəyişikliyi səbəbindən zəiflədiyindən, şimal soyuğu birbaşa ölkə ərazisinə daxil ola bilir”.
C.Hüseynov vurğulayıb ki, Azərbaycanın mürəkkəb relyefi, xüsusilə Böyük və Kiçik Qafqaz dağları bu soyuq hava kütlələrini saxlayaraq prosesi intensivləşdirir. Yuxarı qalxan rütubətli hava soyuyaraq intensiv leysanlara, yüksək dağlıq ərazilərdə (məsələn, Daşkəsən, Gədəbəy, Quba) isə qara çevrilir:
“Yer səthinin hələ tam qızmaması və yüksək rütubət apreldə qar xəttinin aşağı enməsinə şərait yaradır”.
Ekspertin sözlərinə görə, bu halı elmi baxımdan tam anomaliya saymaq doğru deyil:
“Elmi baxımdan bu vəziyyət tam bir anomaliya deyil, ekstremal hava hadisəsi kimi xarakterizə etmək olar. Buludluluğun yüksək olması Günəş radiasiyasının qarşısını kəsərək aprel ayına xas olmayan “payız tutqunluğu” yaradır. Bəzən düzənliklərdə dumanlı və soyuq, dağ zirvələrində isə günəşli havanın müşahidə olunması bu disbalansın nəticəsidir.
Bu cür hava şəraiti və kəskin dəyişikliklər insanlarda meteohəssaslıq təsirləri yaratmaqla yanaşı, həm kənd təsərrüfatı (çiçəkləmiş ağacların donvurma riski), həm də digər infrastruktur sistemləri (subasma, sel təhlükəsi) üçün real təhdidlər yaradır”.

