Qafqaz Albaniyası irsi necə mənimsənildi? 44 günün ardından üzə çıxan həqiqətlər və bir daha təsdiq olunan erməni vandalizmi
Azad etdiyimiz ərazilərdə guya “erməni irsinin dağıdılması” ilə bağlı səsləndirilən iddialar, ilk növbədə, uzun illər ərzində Azərbaycan torpaqlarında həyata keçirilmiş sistemli və məqsədyönlü vandalizmin üzərini örtmək cəhdidir. Çünki real faktlar göstərir ki, məhz işğal dövründə Azərbaycanın tarixi-dini və mədəni irsi misli görünməmiş vəhşiliklə məhv edilib, talan olunub və mənimsənilib.
İşğal altında qalmış ərazilərdə yüzlərlə tarixi-dini abidə qəsdən dağıdılıb, onların bir qismi yerlə-yeksan edilib, digərləri isə saxtalaşdırılaraq öz mənşəyindən uzaqlaşdırılıb. Bu, təsadüfi dağıntı deyil, planlı şəkildə həyata keçirilmiş mədəni təmizləmə siyasətinin açıq göstəricisidir. Bütöv bir xalqın yaddaşı sistemli şəkildə silinməyə çalışılıb. Xüsusilə məzarlıqlara qarşı törədilən vandalizm bu vəhşiliyin ən ağır və sarsıdıcı təzahürlərindən biridir. Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında onlarla Azərbaycan qəbiristanlığı darmadağın edilib, qəbirlər qazılıb, baş daşları sındırılıb və ya oğurlanıb. Bu, təkcə maddi irsə deyil, həm də insan ləyaqətinə, dini və mənəvi dəyərlərə qarşı açıq təhqirdir.

Bundan da dəhşətlisi bəzi məscidlərin məqsədli şəkildə təhqir olunaraq donuz və ya inək saxlanılan yerlərə çevrilməsi faktlarıdır. Bu cür davranış yalnız vandalizm deyil, eyni zamanda dini nifrətin və mənəvi alçaldılmanın ən kəskin formasıdır. Bu addımların təsadüfi olmadığı, sistemli xarakter daşıdığı açıq şəkildə görünür.
Eyni siyasət tarixi Azərbaycan torpaqlarında da həyata keçirilib. Xüsusilə, İrəvan və ətraf bölgələrdə mövcud olmuş çoxsaylı Azərbaycan məscidləri və abidələri – Şah Abbas, Sərdar, Hacı Novruzəli və digər XVI–XVIII əsr irs nümunələri ya tamamilə məhv edilib, ya da saxta şəkildə başqa kimlik altında təqdim olunub. Yalnız Göy məscidin qalıb saxlanılması belə onun orijinal görünüşünün dəyişdirilməsi və mahiyyətinin təhrif olunması ilə müşayiət edilib.
Bundan əlavə, Qafqaz Albaniyasına məxsus dini abidələrin mənimsənilməsi və “erməniləşdirilməsi” də bu siyasətin tərkib hissəsidir. Ağoğlan, Amaras, Xudavəng, Qandzasar kimi tarixi məbədlərin üzərində aparılan dəyişikliklər, yazıların silinməsi və ya saxtalaşdırılması həmin irsin köklərinin gizlədilməsinə yönəlib.

Bütün bu faktlar bir daha sübut edir ki, söhbət sadəcə müharibənin yaratdığı dağıntılardan getmir. Bu, məqsədli şəkildə həyata keçirilmiş, Azərbaycan xalqının tarixi izlərini silməyə, onun mədəni və mənəvi yaddaşını məhv etməyə yönəlmiş siyasətdir. Bu siyasətin arxasında ərazi iddialarını “tarixi əsaslandırmaq” cəhdi və mədəni təmizləmə niyyəti dayanır.

“Bu danılmaz həqiqətdir ki, ermənilər tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqına qarşı qətliamlar, soyqırımılar və vandalizm aktları həyata keçiriblər. Bu cinayətlər təkcə insanlara qarşı deyil, eyni zamanda xalqımıza məxsus dini, mənəvi və tarixi abidələrə qarşı da törədilib. İşğal dövründə məbədlərimiz, qəbiristanlıqlarımız, mədəni irsimiz sistemli şəkildə dağıdılıb, təhqir olunub və talan edilib”.
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Parlamentari qeyd edib ki, ermənilərin əsrlər boyu törətdiyi bu cinayətlər təkcə tarixi mənbələrdə deyil, həm də bu gün öz təsdiqini tapan faktlarda əks olunur:
“Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun qələbəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminin real mənzərəsini bütün dünya gördü. Bu gün Qarabağda, o cümlədən Ağdam, Füzuli, Xocalı və digər rayonlarda dağıdılmış şəhərlər, məhv edilmiş abidələr və viran qoyulmuş kəndlər erməni faşizminin bariz nümunəsidir. Azad olunmuş torpaqlara səfər edən hər kəs bu dağıntıların miqyasını açıq şəkildə görə bilər. Buna baxmayaraq, son dövrlərdə Ermənistandakı revanşist dairələr, o cümlədən media vasitələri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürərək guya Qarabağda erməni abidələrinin dağıdıldığı ilə bağlı dezinformasiya yaymağa çalışırlar. Bu cəhdlərin arxasında duran əsas məqsəd öz törətdikləri cinayətləri ört-basdır etmək və yenidən “əzabkeş xalq” obrazı formalaşdırmaqdır. Lakin reallıq tam fərqlidir. Müharibədə məğlub olan Ermənistan bu informasiya müstəvisində də uğur qazana bilməyəcək. Əksinə, bu kimi təxribatlar bir daha zərurət yaradır ki, beynəlxalq ictimaiyyət regionda baş verən hadisələrə obyektiv yanaşsın, işğal dövründə Azərbaycan ərazilərində törədilmiş vandalizm aktlarını araşdırsın və həqiqətləri ortaya qoysun.
Hesab edirəm ki, artıq dünya birliyi bu məsələdə daha prinsipial mövqe nümayiş etdirməli, ikili standartlara son qoymalı və erməni vandalizminə, eləcə də bu siyasəti dəstəkləyən qüvvələrə layiqli qiymət verməlidir”.
Cavanşir ABBASLI
Musavat.com

