Cəmiyyət 

Azərbaycanda müflisləşmə niyə “ölü norma”ya çevrilib? – 210 məhkəmə qərarı, sıfır nəticə – ARAŞDIRMA

Azərbaycanda müflisləşmə institutunun real işləmədiyini sübut edən faktlar getdikcə daha açıq görünür. Müxtəlif Kommersiya məhkəmələrinin çıxardığı və Vahid Məhkəmə Portalında yerləşdirilmiş ümumilikdə 210 qərardad və qətnamənin heç birində müflisləşmə tələbi təmin edilməyib. Bu isə sistemli problemin mövcudluğuna ciddi işarədir.

Son məhkəmə işlərinin xülasəsi də bu mənzərəni bir daha təsdiqləyir. Məsələn, Şirvan Kommersiya Məhkəməsində bir MMC-nin özünü müflis elan etdirməsi ilə bağlı müraciətinə baxılıb. Şirkət fəaliyyətinin dayandığını, əmlakının olmadığını və borclarını ödəyə bilmədiyini iddia edib. Amma məhkəmə ərizəni icraata belə qəbul etməyib. Səbəb kimi elementar hüquqi tələblərin pozulması göstərilib və ərizə geri qaytarılıb.

Başqa bir işdə isə şirkət artıq daha ciddi arqumentlərlə çıxış edib – 175 min manat borcunun olduğunu, aktivlərin olmamasını, öhdəliklərin icra etmək qabiliyyətinin itirildiyini elan edib.Lakin məhkəmə rəqəmlərə baxaraq fərqli qənaətə gəlib. Məhkəmə şirkəti “ödəmə qabiliyyətli” elan etməklə, müflisləşmə tələbini əsassız hesab edib. Şirkətin müraciətini “borcdan yayınma cəhdi” kimi qiymətləndirib. Nəticəd iddia rədd edilib. Bakı Kommersiya Məhkəməsində isə daha iri məbləğli – milyonlarla dollarlıq borcla bağlı mübahisəyə baxılıb. İddiaçı tərəf bildirirdi ki, cavabdeh borcunu uzun müddətdir ödəmir, əmlakını özgəninkiləşdirib, faktiki olaraq öhdəliklərini yerinə yetirə bilmir. Lakin məhkəmə yenə eyni mövqeni tutub. İddia təmin edilməyib, şirkət müflis elan olunmayıb.

210 qərar – sıfır müflisləşmə

Bu işlər tək-tək hadisələr deyil. Əksinə, ümumi tendensiyanın bir hissəsidir. Vahid Məhkəmə Portalında yerləşdirilmiş 210 məhkəmə aktının heç birində müflisləşmə tələbi təmin olunmayıb. Bu isə sual doğurur – Azərbaycanda ümumiyyətlə müflis olmaq mümkündürmü? Yoxsa bu institut yalnız kağız üzərində mövcuddur?

Əkrəm Həsənov: “Müflisləşmə institutu faktiki işləmir”

Tanınmış vəkil Azərbaycanda müflisləşmə ilə bağlı vəziyyəti belə izah edir:

“Azərbaycanda müflisləşmə institutu faktiki olaraq işləmir. İl ərzində bu tip işlərin sayı barmaqla sayılacaq qədər azdır. Üstəlik, həmin işlərin məhkəmə sistemində şəffaf şəkildə yerləşdirilib-yerləşdirilməməsi də ayrıca sual doğurur. Bəzən belə təsəvvür yaranır ki, bu proseslər ümumiyyətlə ictimaiyyətdən gizlədilir. Halbuki inkişaf etmiş ölkələrdə,  istər Avropa, istər ABŞ, istərsə də digər dövlətlərdə müflisləşmə adi və normal iqtisadi mexanizm hesab olunur. Hər il yüzlərlə, minlərlə belə işə baxılır. Yəni bu proses bazar iqtisadiyyatının təbii tərkib hissəsidir. Azərbaycanda isə problem təkcə qanunvericilikdə deyil. Əsas məsələ ondan ibarətdir ki, dövlət orqanları və məhkəmələr müflisləşmənin mahiyyətini düzgün anlamır. Müflisləşmə bəzilərinin düşündüyü kimi “borcdan qaçmaq aləti” deyil. Əksinə, bu institut ilk növbədə kreditorların maraqlarını qorumaq üçündür. Normal hüquqi və iqtisadi sistemdə borclu şəxs öz öhdəliklərini yerinə yetirə bilmədiyini gördükdə məhkəməyə müraciət etməli və müflisləşmə proseduruna başlamalıdır. Hətta bir çox ölkələrdə bunu etməmək cinayət məsuliyyəti yaradır. Məqsəd odur ki, mövcud əmlak satılsın və borclar maksimum dərəcədə ödənilsin”.

Əkrəm Həsənov bildirib ki, Azərbaycanda durum tam tərsinədir: “Bizdə isə əksinə, proses tam fərqli istiqamətdə gedir. Borclu şəxs əmlakını müxtəlif yollarla gizlədir, başqalarının adına keçirir, nəticədə kreditorlar zərər çəkir. Daha sonra isə müflis olduğunu iddia edir. Bu halda müflisləşmə proseduru tətbiq edilməli, eyni zamanda əmlakı qəsdən gizlədən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Qanunvericilikdə “bilərəkdən müflisləşmə”, “saxta müflisləşmə” kimi maddələr mövcuddur. Lakin problem ondadır ki, bu normalar praktikada demək olar ki, tətbiq edilmir. Hüquq-mühafizə orqanları bu halları sübut etməkdə çətinlik çəkir, məhkəmələr isə məsuliyyətdən yayınır. Nəticədə belə bir absurd vəziyyət yaranır ki, məhkəmə borcludan sübut tələb edir ki, “sən həqiqətən müflissən”.

Bu isə sanki ölmüş insandan öldüyünü sübut etməyi tələb etmək kimidir. Əslində isə fərq sadədir: əgər müflisləşmə obyektiv səbəblərdən baş veribsə, bu, normal iqtisadi prosesdir. Amma əgər şəxs əvvəlcədən plan quraraq borc yığıb, əmlakı gizlədib və sonra müflis olduğunu elan edirsə, bu artıq cinayətdir. Bu gün Azərbaycanda müflisləşmə institutunun işləməməsi iqtisadi inkişafa ciddi zərbə vurur. Kreditorlar üçün qeyri-müəyyənlik yaranır, müqavilə münasibətlərinə inam azalır. Heç kim əmin deyil ki, sabah borc verdiyi şəxs öhdəliyini yerinə yetirmədikdə qanun onu qoruyacaq”.

Əkrəm Həsənov bildirib ki, hazırda yeni müflisləşmə qanunu üzərində iş gedir: “Lakin məsələ təkcə qanunun yenilənməsində deyil. Əsas problem onun tətbiqi, hüquqi düşüncə və institusional yanaşmadadır. Əgər bu sahədə real dəyişiklik olmazsa, yeni qanunun qəbul edilməsi də vəziyyəti köklü şəkildə dəyişməyəcək. Çünki müflisləşmə institutunun işləməsi üçün təkcə normativ baza yox, həm də siyasi iradə və hüquqi mədəniyyət tələb olunur”.

 

Elşən Məmmədəliyev,
Musavat.com

Daha çox xəbərlər