Cəmiyyət 

Təbii çayı necə seçək? – İstehlakçılar üçün vacib məqamlar – QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən çay istehlakı ilə bağlı son vaxtlar mühüm bir sual daha çox gündəmə gəlir: bazarda satılan məhsulların nə qədəri həqiqətən təbiidir? Rəng, ətir və dad baxımından cəlbedici görünən bir çox çay növünün tərkibi ilə bağlı şübhələr istehlakçıları daha diqqətli seçim etməyə vadar edir.

Bu şəraitdə təbii çayın necə seçilməsi, keyfiyyətli məhsulu saxta və ya qatqılı çaylardan necə fərqləndirmək mümkün olduğu məsələsi aktuallaşır. İstehlakçılar üçün həm sağlamlıq, həm də keyfiyyət baxımından düzgün seçim etmək getdikcə daha vacib hala gəlir.
Təbii çayı necə seçək? - İstehlakçılar üçün vacib məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, bəzi ucuz və ya keyfiyyətsiz məhsullarda həqiqətən də rəngin çox tez çıxması, “boya kimi” görünməsi kimi hallar olur. Onun sözlərinə görə, bu isə ya aşağı keyfiyyətli xammal, ya da düzgün olmayan emal və saxlama ilə bağlıdır:

“Keyfiyyətli çay necə olmalıdır?

– Rəngi dərhal çıxmır.
Keyfiyyətli çay dəmlənəndə rəng tədricən açılır. Əgər suya atılan kimi tünd rəng verirsə, bu şübhə yarada bilər.
– Aroması təbii və yumşaqdır.
Kəskin, kimyəvi və ya çox “parfümvari” qoxu normal deyil.
– Yarpaqlar bütöv və eyni ölçülü olur.
Toz halında, çox xırdalanmış çaylar adətən aşağı keyfiyyətli olur.
– Dad balanslıdır.
Həddindən artıq acı və ya boğazda yanma hissi yaratmır.

Şübhəli çayın əlamətləri.

– Suya düşən kimi ani tünd rəng verməsi
– Həddindən artıq qara və bulanıq rəng.
– Çox ucuz və mənşəyi bəlli olmayan məhsullar.
– Paket açıldıqda tozlanma və ya yad qoxu.

Çay alarkən nələrə diqqət etməli?

– Mənşə ölkə və istehsalçı.
Tanınmış regionlar (məsələn, Hindistan, Şri-Lanka) daha stabil keyfiyyət verir.
– Qablaşdırma.
Hava keçirməyən, işıqdan qoruyan qablar üstünlükdür.
– Yarpaq çayı seçmək.
Paket (filter) çaylara nisbətən daha keyfiyyətli olur.
– Etiket məlumatı.
Tərkib hissəsi sadə olmalıdır: yalnız çay yarpağı. Əlavələr çoxdursa, keyfiyyət aşağı ola bilər.
– Qiymət faktoru.
Həddindən artıq ucuz məhsuldan ehtiyatlı olmaq lazımdır, çayda keyfiyyət birbaşa xammaldan asılıdır.

Sağlam qidalanaraq sağlam yaşayın!”.

Müəllif: İlkin Məmmədkərimov

Daha çox xəbərlər