Yay gəlir, Azərbaycan yenə milyonlar itirir
Azərbaycanda turizm prioritet elan edilsə də, uzun illərdir ki, bu sektorda ciddi irəliləyiş müşahidə edilmir. Bu ilin I rübündə Azərbaycana 172 ölkədən 484,4 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, gələnlərin 25,9 %-i Rusiya, 21,7 %-i Türkiyə, 8,9 %-i İran, 5,3 %-i Gürcüstan, 4,1 %-i Qazaxıstan, 3,6 %-i Hindistan, hər birindən 3 faiz olmaqla Pakistan və Özbəkistan, 2,5 %-i Səudiyyə Ərəbistanı, 2,1 %-i Çin, 1,9 %-i İsrail, 1,6 %-i Ukrayna, 1,5 %-i Türkmənistan, 1,2 %-i Böyük Britaniya, hər birindən 1 faiz olmaqla Küveyt və Birləşmiş Ərəb Əmirlikləri, 11,7 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, gələnlərin 71,8 %-ni kişilər, 28,2 %-ni qadınlar təşkil edib. Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,4 % artaraq 21,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 % artaraq 177,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 16,7 % azalaraq 69,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 8,9 % azalaraq 216,4 min nəfər olub.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,6 %-i hava, 29,8 %-i dəmir yolu və avtomobil, 1,6 %-i isə dəniz nəqliyyatından istifadə edib. Azərbaycanda turizm sektoru ilə bağlı sərhədlərin bağlı olması, xidmət keyfiyyətinin zəifliyi, turistlərə qiymətlərin baha təqdim olunması, eləcə də turistləri cəlb edəcək məkanların, əyləncə mərkəzlərinin sayının azlığı kimi mövcud problemlərə dəfələrlə toxunulsa da bu sahədə heç bir yenilik müşahidə edilmir.
Azərbaycan turizmində niyə irəliləyiş deyil, ancaq geriləmə özünü göstərir?
Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov mövzu ilə balı Musavat.com-a danışıb. Millət vəkili qeyd edib ki, Azərbaycana gələn turistlərin sayının azalacağı əvvəlcədən gözlənilən idi: “Çünki regionda mövcud olan geosiyasi gərginlik turizm axınına birbaşa təsir göstərən əsas amillərdən biridir. Xüsusilə İranla bağlı baş verən hərbi-siyasi hadisələr təbii olaraq Azərbaycana gələn turistlərin sayına təsirsiz ötüşmür. Nəzərə alsaq ki, Azərbaycan İranla qonşu ölkədir, bu zaman regionda baş verən hər hansı münaqişə və ya gərginlik həm ümumi turist axınına, həm də birbaşa İrandan Azərbaycana gələn turistlərin sayına ciddi təsir göstərir.
Bu baxımdan region ölkələrinə turist axınının azalması müşahidə olunur və İranla bağlı gərginliyin bu prosesdə birbaşa rolu danılmazdır”.

Vüqar Bayramov
Vüqar Bayramov həmçinin qeyd edib ki, bəzi ölkələrdən gələn turistlərin sayında azalma tendensiyası əvvəlki dövrlərdə də müşahidə olunurdu:
“Xüsusilə Hindistandan gələn turistlərin sayında azalmalar diqqət çəkir. Burada yalnız iqtisadi faktorlar deyil, digər müxtəlif səbəblər də rol oynayır.Bütün bunları nəzərə alsaq, turizmin Azərbaycanda neft sektorundan sonra ən çox gəlir gətirən sahələrdən biri olduğunu unutmamalıyıq. Bu səbəbdən ölkəyə gələn turistlərin sayının optimal səviyyədə saxlanılması və artırılması olduqca vacib məsələlərdəndir. Əgər İran ətrafında baş verən gərginlik və ya müharibə ehtimalları davam edərsə, bu vəziyyətin növbəti dövrlərdə də turist axınına mənfi təsir göstərəcəyi gözlənilir”.

Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirov isə qeyd edib ki, Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan olunmasından sonra ölkədə müxtəlif beynəlxalq və regional səviyyəli tədbirlər – həm idman, həm də mədəni layihələr həyata keçirildi və bu proses ölkənin turizm ölkəsi kimi beynəlxalq reytinqinin yüksəlməsinə ciddi şəkildə xidmət etdi:
“2011-ci ildən 2019-cu ilə qədər turizm sahəsində artım dinamikası müşahidə olundu və bu inkişaf 2019-cu ildə özünün pik həddinə çatdı.Lakin pandemiyadan sonra bir çox faktorların üst-üstə düşməsi nəticəsində həmin göstəriciləri bərpa etmək mümkün olmadı. Bu günə qədər Azərbaycan 2019-cu ilin turizm göstəricilərini yeniləyə bilməyib. Rəsmi məlumatlara əsasən, ötən illə müqayisədə bu ilin ilk üç ayı ərzində ölkəyə gələn turistlərin sayında təxminən 4,7 faiz azalma qeydə alınıb”.

İqtisadçının sözlərinə görə hazırda müşahidə olunan 5 faizə qədər azalma və 2019-cu ilin rekord göstəricilərinə çatılmaması tək bir səbəbdən deyil, bir neçə əsas faktorun təsiri ilə bağlıdır:“Bu səbəblərdən bəzilərinin aradan qaldırılması mümkün olsa da, digərləri həll edilmədən turizmin davamlı inkişafına nail olmaq olduqca çətin olacaq. Əsas problemlərdən biri ölkəyə giriş imkanları ilə bağlıdır. Quru sərhədlərin bağlı qalması regiona gələn turist axınına təsir edir və nəticədə hava nəqliyyatından asılılıq artır. Bu isə turizmi kütləvi deyil, daha çox məhdud və bahalı seqmentə yönəldir. Əlbəttə ki, quru sərhədlərin bağlı qalması müəyyən səbəblərlə bağlıdır – bu, məsələnin bir tərəfidir. Lakin bu amilin turizm sektoruna təsiri danılmazdır. Bununla belə, sərhədlər açılsa belə, digər problemlər həll olunmadan turizmin inkişafı tam təmin edilə bilməz”.
Eldəniz Əmirov vurğulayıb ki, problemlərdən biri də Azərbaycanda qiymət və xidmət arasında balansın pozulmasıdır: “Otellərdə və digər turizm obyektlərində təqdim olunan xidmətin səviyyəsi ilə qiymət arasında adekvatlıq çox zaman təmin olunmur. Nəticədə turist seçim qarşısında qaldıqda Bakı ilə Tbilisi, İstanbul və ya Dubay arasında müqayisə aparır və eyni qiymətə daha yüksək xidmət təklif edən digər istiqamətləri seçir. Digər mühüm məsələ turizm paketləri ilə bağlıdır. Məsələn, 5 günlük və ya 1 həftəlik beynəlxalq standartlara uyğun tur paketləri Azərbaycanın rəqib ölkələri ilə müqayisədə ya zəif inkişaf edib, ya da demək olar ki, mövcud deyil. Əyləncə turizmi, tematik turizm, kənd turizmi kimi sahələr də yetərincə inkişaf etməyib. Bu səbəbdən turistlər ya ölkədə qısa müddət – 1-2 gün qalır, ya da ümumiyyətlə başqa ölkələri seçirlər”.

İqtisadçı onu da əlavə edib ki, digər tərəfdən, Azərbaycanın turizm brendi məsələsi də açıq qalır: “Ölkəni digər turizm istiqamətlərindən fərqləndirən aydın və güclü bir imic formalaşmayıb. Məsələn, Gürcüstan turizmi ucuzluğu ilə, Türkiyə yüksək xidmət səviyyəsi ilə, Dubay isə lüks turizm imkanları ilə seçilir. Azərbaycanda isə bu cür fərqləndirici xüsusiyyət hələ də tam formalaşmayıb. Regionlarda turizmin vəziyyəti də qənaətbəxş deyil. Rəsmi statistikaya görə, turistlərin təxminən 80 faizi Bakını tərk etmir. Bunun əsas səbəblərindən biri regionların əlçatanlığının zəif olmasıdır. Quru sərhədlərin bağlı qalması, regionlara hava nəqliyyatının məhdudluğu və ümumilikdə nəqliyyat infrastrukturunun yetərincə inkişaf etməməsi turistlərin bölgələrə səfərini çətinləşdirir. Nəticə etibarilə, turizm sektorunda problemlər kompleks xarakter daşıyır: qiymət amili, xidmət səviyyəsi, əlçatanlıq, turizm təcrübəsinin zəifliyi və digər faktorlar bir-biri ilə bağlı şəkildə təsir göstərir. Bu məsələlər sistemli şəkildə həll olunmadan turizm sahəsində ciddi və davamlı inkişafa nail olmaq çətin olaraq qalacaq”.
Xalidə Gəray
Musavat.com

