Cəmiyyət 

Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb

Avropa İttifaqı Şurasının 2026-cı il 23 aprel tarixli müvafiq qərarı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zaqatala” gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə tətbiq edilmiş sanksiyalar ləğv olunub.

“İki sahil” xəbər verir ki,  ASCO-dan bildirilib ki, sözügedən gəmilər Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.

Məsələnin müsbət həlli Azərbaycan Respublikası Prezident Administrasiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZCON Holding şirkətlərindən olan ASCO, eləcə də SOCAR tərəfindən koordinasiyalı şəkildə həyata keçirilmiş diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.

Qeyd edək ki, sözügedən gəmilər çarter müqavilələri əsasında üçüncü tərəflərə uzunmüddətli icarəyə verilmiş, onların istismarı isə beynəlxalq qaydalara, o cümlədən beynəlxalq sanksiya tələblərinə tam uyğun şəkildə həyata keçirilmişdi. Qəbul olunmuş qərar beynəlxalq hüquq normalarına əsaslanan obyektiv yanaşmanın və konstruktiv dialoqun nəticəsi kimi qiymətləndirilir.

ASCO gəmiçilik sahəsində beynəlxalq fəaliyyət göstərən dövlət şirkəti kimi bundan sonra da fəaliyyətini ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına və beynəlxalq sanksiya rejimlərinə ciddi riayət etməklə davam etdirəcək.

Daha çox xəbərlər